Şagirdlərə şad xəbər — Qadağa ləğv edildi

HADİSƏ 05 iyn 2019, 09:16

Fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdlərinin yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmaması qadağası ləğv edilib.


Demokrat.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda müvafiq dəyişiklik edib. 


Başqa sözlə, Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli qərarına əsasən, indiyə qədər tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmayıblar. 


Dəyişikliyə əsasən, fənn (fənlər) üzrə illik qiyməti 2 olan şagirdlərlə bağlı bu qadağa aradan qaldırılıb. Müvafiq olaraq Nazirlər Kabineti "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda da dəyişiklik edib. 


Qaydaya əsasən, bu vaxta qədər ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya buraxılış imtahanında iştirak etməyən, yaxud tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab ediliblər. Dəyişikliyə əsasən, tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslərlə bağlı hissə Qaydalardan çıxarılıb. Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq belə bir qərar qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top