4 iyun qiyamından 26 il ötür

HADİSƏ 04 iyn 2019, 12:27

Bu gün 4 iyundur. İndi bəlkə də küçəyə çıxıb sorğu keçirsək, yaşı 25-dən az olan gənclər 4 iyunun nəylə əlamətdar olduğunu bilməyəcəklər, amma 20-26 il öncə ölkə əhalisinin yetkin qismi bu gün haqqında hər şeyi bilirdi.

Qiyam günüdür 4 iyun. Hərbi qiyam günü. Ölkəmizdə başlanmış, amma ardı gəlməyən vətəndaş müharibəsinin ilk günü. Dövlət çevrilişinin başlanğıc günü.

Günün “qəhrəman”ı hələ də sağdır, Surət Hüseynov bu qanlı, faciəvi günə görə layiq olduğu cəzanı almayıb.

Hər şey, silahlı qiyam, hakimiyyət dəyişikliyi-filan bir yana dursun, təkcə Prezident Qvardiyasının igid əsgərlərinin aldadılaraq tərk-silah edilməsi və az sonra sərnişin olduqları avtobusda namərdcəsinə gülləbaran edilərək qətlə yetirilməsi epizoduna görə Surət də, onun yardımçıları da ciddi şəkildə cəzalandırılmalıydılar.

Düzdür, onlardan bir neçəsi törətdikləri qiyamın və qırğının ikinci həftəsinin tamamında bir-birini İH başçısının kabinetində güllələyib öldürdülər, bəziləri türmələrdə öldü, bir neçəsi içəridən yarımcan çıxdı,  didərgin düşənlər oldu, amma “baş qiyamçı” hələ də sağ və cəzasız gəzir.

Onun da başına çox iş gəldi, ilyarım oyuncaq baş nazir oldu, sonra daha bir qiyam törədərək prezident olmaq istədi, alınmadı, Rusiyaya qaçdı, amma ovaxtkı iqtidar, Rusiya ilə daha köhnə və güclü əlaqələri olan Heydər Əliyev onu ruslardan aldı, qolubağlı qara qul kimi ölkəyə gətirdi, mühakimə etdirdi, türməyə saldı.

Ancaq bu adamın çəkdiyi 10 illik cəza heç də əsl cinayətinə görə olmadı, sonrakı əməllərinə görə oldu.

İndi danışdırsan, deyəcək ki, 4 iyunda Gəncə camaatını qızışdırıb (“şəhərimizi işğal etməyə gəlirlər”), silahlandırıb, qiyam qaldırdığına görə peşman deyil. Havayı söhbətdir. Surət Hüseynov başına gələn ağrı-acılara, çəkdiyi iztirab və məhrumiyyətlərə görə vaxtilə törətdiyi əməllərdən çoxdan peşman olmuş olmalıdır.

Yox, əgər doğrudan da peşman deyilsə, demək, ona nə ediblərsə, haqq ediblər.

Bu adam Azərbaycan adlı, artıq düz və hamar rels üstünə oturmuş qatarın yolunda bomba partlatdı, o qatarı durdurdu, sonra da relsinin dəyişib başqa istiqamətə getməsinə səbəb oldu. 27 ildir ki, o qatar öz yoluna qayıda bilmir.

Yuxarıda ötəri dedik, bir daha təkrar edək, 4 iyun qiyamının bilavasitə iştirakçılarının, birinci və ikinci dərəcəli rol oyunçularının heç biri xoşbəxt olmadı, uğur qazanmadı, normal həyat yaşaya bilmədi.

Bəs Surətin və çetesinin, eləcə də himayədarlarının devirdiyi Elçibəy hökuməti ideal idimi? Deyildi. Fəqət bu birillik hakimiyyət düz yoldaydı, nəsə etməyə çalışırdı, bacardığı qədər də edirdi. Məsələn, hələ bu gün də yüz minlərlə gəncin yararlandığı test üsulu ilə tələbə qəbulu o iqtidarın parlaq islahatının əsəri idi.

Dövlət müstəqilliyi qazandığımızdan 20 il keçəndən sonra yaradılmış idarəetmə üsullarını, tətbiq edilən yeni icra mexanizmlərini, yenilikləri əsas götürərək, “birillik hakimiyyət”lə müqayisə aparmaq nəinki qüsurlu müqayisədir, ümumiyyətlə, müqayisə predmeti olacaq bir şey deyil.

4 iyun qiyamı olmasaydı necə, ölkə güllük-gülüstanlıq olacaqdımı? Xeyr, buna çatmaq asan olmayacaqdı.

Sadəcə, hakimiyyət komandaları bir-birini əvəz edəcək, bir-birindən yaxşı olmağa çalışacaq, daima inkişaf, tərəqqi hayında olacaqdılar.

Ancaq yaxın və bənzər ölkələrin təcrübəsi göstərir ki, cəmiyyət demokratiyaya hazır olmadıqca, əvvəl-axır hakimiyyətə bir “dəmir əl” sahibi gəlir, demokratik institutları boğur, insan azadlıqlarını məhdudlaşdırır.

Bugünkü prizmadan baxanda və oturub təhlil edəndə görürsən ki, 4 iyun qiyamı olmasaydı da, 4 oktyabr, 4 fevral qiyamları, yaxud da istənilən bir təqvim günündə qüdrətli qonşu dövlətlərin dəstəyi ilə dövlət çevrilişləri, “qırmızı”, “yaşıl” inqilablar ola bilərdi.

Ona görə ki, yeni təşəkkül tapmış Azərbaycan dövləti çox gənc və köməksiz idi, üstəlik, müharibə aparırdı. Daxilində ciddi ixtilafları olan cəmiyyət həm yeni dövləti, həm də özünün səs verib dövlət başına keçirdiyi iqtidarı qorumağa qadir deyildi.

Bugünkü ağılla keçmişə qiymət vermək asandır, amma bu, obyektiv qiymət olmayacaq. O dövrdə yaranmış tarixi şəraitdən ən ağıllı və ən optimal çıxış yolunu tapmaq çox çətin idi…

Xalid KAZIMLI(musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top