Karateçilərimiz dünya çempionatında yüksək nəticələr qazandılar – FOTOLAR

İDMAN 31 may 2019, 19:43

Karatenin şotokan növü üzrə 10-cu dünya çempionatı Azərbaycan yığması üçün uğurlu alınıb.

 

Yeniyetmə, gənc və böyüklərdən ibarət komandamız Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş yarışda 24 qızıl, 14 gümüş və 19 bürünc medal əldə edib. Azərbaycan bu nəticələrə görə ümumi komanda hesabında 40 ölkə arasında 2-ci yeri qazanıb. Belə ki, yığmamız 1600-dək idmançının qatıldığı dünya çempionatında yalnız ev sahibi Rumıniyadan geri qalıb.  

 

Bu nailiyyətdən sonra, federasiya rəhbəri, Dünya Şotokan Federasiyasının İdarə Heyətinin üzvü Arif Məmmədov Demokrat.Az-a açıqlamasında  yarışla bağlı fikirlərini bölüşüb: «Bildiyiniz kimi, Azərbaycan komandası bu dünya çempionatına tam heyətlə yollanmışdı. İdmançılarımız onlara bəslənən ümidləri doğrultdular və Azərbaycanı layiqincə təmsil etdilər. Biz, Vətənin bu cür oğul və qızları ilə fəxr edirik. Çünki onlar Azərbaycanın adını bu yarışda da yüksək tutdular. Onlar bizim gələcəyimizdir. Belə gənclərə ümidimiz sonsuzdur».

 

A.Məmmədov onu da əlavə etdi ki, yeniyetmə, gənc və böyüklərdən ibarət komandamız bu dünya çempionatına 70 idmançı ilə yollanıb: «Bundan başqa, heyətdə 10 məşqçi və 6 hakim, o cümlədən federasiyanın digər nümayəndələri də iştirak etmişdir. Bütün yarışlarda olduğu kimi, federasiya bu dəfə də həm idmançılara, həm məşqçilərə, həm də hakimlərə öz  dəstəyini göstərmişdir». 

 

Federasiya rəhbərinin sözlərinə görə, dünya çempionatında qalib gəlmiş idmançılar ilin yekununda nəzərə alınır və onlar üçün müvafiq mükafatlar nəzərdə tutulur. Məhz həmin idmançılara növbəti yarışlarda federasiya tərəfindən köməklik olunacaq. 

 

Qeyd edək ki, ilin əsas yarışını müvəffəqiyyətlə başa vuran Azərbaycan karateçilərini noyabrda qitə çempionatı gözləyir. Millimiz Dünya çempionatında olduğu kimi, Avropa çempionatına da tam heyətlə yollanmağı planlaşdırır. İyunda isə yığma komandalarımız Gürcüstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.   

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top