Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı qərar çıxardı

HADİSƏ 29 may 2019, 21:50

Avropa Məhkəməsinin Böyük Palatası mayın 29-da Azərbaycanla bağlı qərar verib. Qərar Avropa Şurası Nazirlər Komitəsinin müraciəti əsasında verilib.


Demokrat.az xəbər verir ki, Nazirlər Komitəsi Avropa Məhkəməsinin “Respublikaçı Alternativ” (ReAl) partiyasının sədri İlqar Məmmədov haqqında çıxardığı 22 may 2014-cü il tarixli qərarla əlaqədar müraciət edib. 


Həmin qərar 2014-cü ilin oktyabrında qüvvəyə minib. Nazirlər Komitəsi isə bu məsələ ilə əlaqədar 2017-ci ilin dekabrında Avropa Məhkəməsinə məktub göndərib. Məktubda da sual qoyulub ki, Azərbaycan bu qərarı icra etməməklə Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi (Avropa Məhkəməsinin qərarlarının icrası barədə) pozubmu? İlqar Məmmədovla bağlı qərarın icra olunmaması İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 46.1 maddəsinin pozulması anlamına gəlirmi?


2014-cü ilin mayında çıxarılmış qərarda Avropa Məhkəməsi İ.Məmmədov haqqında həbs qərarının Konvensiyanın 5-ci (azadlıq hüququ) və 18-ci (Konvensiyada nəzərdə tutulmuş hallar istisna olmaqla, başqa məqsədlərlə şəxsin hüquq və azadlıqlarının məhdudlaşdırılması) maddələrinə zidd olması nəticəsinə gəlmişdi.


Avropa Məhkəməsinin bu qərarının icrasıyla bağlı məsələ dəfələrlə Avropa Şurası Nazirlər Komitəsinin (Məhkəmənin qərarlarının icrasına bu qurum nəzarət edir) toplantılarında müzakirə olunmuş, son nəticədə 2017-ci ilin dekabrında belə bir məktub göndərilmişdi.


Avropa Məhkəməsi bu məsələni araşdırarkən ötən il avqustun 14-də azərbaycan hökuməti onlara İ.Məmmədovun şərti azadlığa buraxılması barədə Şəki Apellyasiya Məhkəməsinin bir gün öncə çıxardığı qərarı göndərib. Həmçinin İlqar Məmmədovun üzərindən çəkilməmiş şərti cəzanın götürülməsi haqda Azərbaycan Ali Məhkəməsinin 29 mart 2019-cu il tarixli qərarı da sonradan Strasburqa göndərilərək, ReAl sədri barədə qərarın icra olunduğu bildirilib.


Avropa Məhkəməsi bugünkü qərarında belə nəticəyə gəlib ki, Avropa Şurası Nazirlər Komitəsi bu məsələ ilə əlaqədar onlara müraciət edəndə Azərbaycan hökuməti qərarı icra etməmişdi. Bununla da Konvensiyanın 46.1 maddəsini pozaraq, Avropa Şurası qarşısında öhdəliyinə əməl etməmişdi.(Bizimyol.info )

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top