“Dalınca qırıcı göndərməliyik?” - Nazir Mxitaryandan danışdı (VİDEO)

GÜNDƏM 26 may 2019, 18:52

"Azərbaycan, Bakıda olacağı müddətdə, "Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinə tam zəmanət verir!”.

 

Bu haqda Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov ötən gün CNN-ə verdiyi müsahibədə danışıb.

 

Amerika telekanalının jurnalisti Azərbaycanın Mxitaryanın təhlükəsizliyinə daha çox zəmanət verməyə hazır olub-olmadığını soruşub. Nazir Azərbaycanın bütün mümkün zəmanətləri verdiyini vurğulayıb.

 

"Siz daha çox zəmanət deyəndə nə nəzərdə tutursunuz? Yüz faizlik zəmanətdən daha çox nə ola bilər? Biz "təhlükəsizlik" deyiləndə nə nəzərdə tutulursa hamısını etmişik. Başqa nə etməliyik ki? Dalınca F-16 qırıcılarının müşayiəti ilə şəxsi təyyarə göndərməliyik? Bundan başqa nə edə bilərik, axı?”, - deyə nazir bildirib.

 

A.Rəhimov  Mxitaryanın Bakıya gələcəyi təqdirdə təhlükəsizliyinin tam təmin olunacağı ilə bağlı bütün sənədlərin həm UEFA, həm də futbolçunun çıxış etdiyi "Arsenal” futbol klubuna göndərildiyini diqqətə çatdırıb.

 

"Azərbaycan hökumətinin, həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosasiyası və təhlükəsizliyə cavab verən bütün dövlət orqanlarının adından zəmanət məktubu göndərmişəm”, - deyə nazir əlavə edib.

 

O, həmçinin, qeyd edib ki, Mxitaryana şəxsən təhlükəsizliklə bağlı zəmanətlərin çatdırılması üçün onun Azərbaycan səfirliyi ilə əlaqə yaratması təklif edilsə də, futbolçu müraciət etməyib.

 

Bakıya gəlmək istəyən digər erməni əsilli futbol azarkeşlərinə gəlincə, nazir Azərbaycanın heç vaxt azarkeşlərin ölkədə keçirilən beynəlxalq miqyaslı idman tədbirlərində iştirakına əngəl yaradılmadığını dilə gətirib.  (qafqazinfo)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top