İcra başçısı məscidin hasarlarını sökdürüb torpağı ələ keçirdi - FOTOLAR

SOSİAL 25 may 2019, 13:12

Qaradağ rayonundakı Ümid qəsəbəsində yerləşən məscidin ərazisi alınıb.

 

Bu barədə məscidin icmasından "Yeni Müsavat”a məlumat verilib. Bildirilir ki, rayon icra başçısının göstərişi əsasında mayın 23-də əraziyə gələn İH əməkdaşları məscidin həyətyanı ərazisinin hasarını söküb. Söküntü prosesində icra başçısının müavini və arxitektor iştirak edib.

 

İH rəsmiləri sökülmə ilə bağlı icmaya hər hansı bir rəsmi sənəd  təqdim etməyiblər. Bildirilir ki, bir neçə gün əvvəl əraziyə gələn rayonun icra başçısı məscidin ərazisinin geniş olduğunu, bu qədər ərazinin məscid üçün çox olduğunu deyərək əməkdaşlara ərazini kiçiltməyi göstəriş verib.

 

İcma sədri Ramin Həsənli bildirdi ki, "Qarabağ şəhidləri” adı verilmiş məscid Ümid qəsəbəsində 2000-ci ildə inşa olunub. 2009-cu ildə isə məscidin icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb və rəsmi status alıb.

 

İcma sədri deyir ki, 2012-ci ildə məscidin ərazisi qəsəbə bələdiyyəsi tərəfindən təsdiqlənib və 120 metr uzunluğu və 120 metr eni olmaqla ümumilikdə 1,44 hektar ərazi məscidə verilib. 2014-cü ildən isə məscid QMİ-nin balansına daxil olub. 2014-cü ildən sonra məscidin həyəti hasarlanıb və məscid yardımçı binalarla birlikdə icmanın balansında olub.

 

Qeyd edək ki, analoji daha bir hadisə Yeni Günəşli qəsəbəsi "Fatimeyi Zəhra” məscidi ilə bağlı yaşanıb. Hakimiyyət orqanları məscidin ərazisinin böyük olduğunu əsas gətirərək bir qismini alıblar. Ancaq Yeni Günəşlidən fərqli olaraq Ümid qəsəbəsi mərkəz hesab olunmur, icra hakimiyyətinin qəsəbə məscidinin ərazisinin kiçiltmək qərarının səbəbi anlaşılan deyil.

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top