“30 ildir məni siyasət meydanında xırdalamağa çalışsalar da camaatın gözündə elə öz yerimdəyəm...” - Sabir Rüstəmxanlı

SOSİAL 24 may 2019, 17:37

Xəbər verdiyimiz kimi bir neçə gün öncə xalq şairi Sabir Rüstəmxanlının doğum günü oldu. Bunun ardınca isə S.Rüstəmxanlının iki yeni kitabı təqdim olundu. 

 

Bütün bunlara görə xalq şairi Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında öz xoş təəssüratlarını bölüşərək, hamıya təşəkkür edib: 


 
“İndi oturub o haqda yazmaq istəyirdim. Bu dəfəki doğum günüm də yubiley yox, sıradan bir doğum günü idi. Bunu xüsusi olaraq qeyd etmirəm, hətta doğum günlərim gələndə Bakıdan qaçıram və bu günün yanında keçib getmək istəyirəm ki, xüsusi nəzərə çarpmasın. Ona görə ki, yaşımız artır, adamı yaşın artmasının vahiməsi bürüyür. Buna baxmayaraq təbriklər artır və bu sıradan təbrik deyil. Bunlar hər biri balaca bir sevgiylə yazılmış yüzlərlə yazılardır. Bu məni həm sevindirir, hə qürur duyuram. Ona sevinirəm ki, bütün siyasi qarşıdurmalara, qeybətlərə, ittihamlara, hədyanlara baxmayaraq camaatın gözündə mənim hələ də bir portretimin yeri var və otuz ildir məni siyasət meydanında xırdalamağa çalışsalar da camaatın gözündə elə öz yerimdəyəm. Bəlkə də olduğumdan da daha böyük yerdə və mövqedəyəm. 

 

Doğum günüm ərəfəsində “Özümüzdən böyük sözümüz” və “Xalqın söz silahı” kitablarım təqdim edildi. Bunları cavanlıqda yazmışdım, amma indi nəşr elətdirdim. Həm də kitabın təqdimatı mənim özümə bir hesabatım və hədiyyəm oldu. Azərbaycan Yazıçılar Birliyində sevdiyim insanlar, yazıçılarımız, şairlərimiz, ziyalılarımız toplaşmışdılar. Televiziyalarımız da sağ olsunlar, Xəzər TV məni “Könül dünyamız” verilişinə çağırmışdı. Bunun da ardınca Real TV haqqımda “Demokratiyanın sağ əli” adlı bir süjet hazırladı. İndi “Profil” verilişinə çəkiblər və onu da yayımlayacaqlar. Nə qədər qaçıb diqqətdən yayınmağa çalışsam da, gördüm ki, yox, bu mümkün deyil. İnsanlar diqqətsiz buraxmır, çox maraqlıdır və bu mənə son dərəcə xoş oldu. Hamıya bir təşəkkür yazmaq istəyirdim, amma yaxşı ki, siz zəng vurdunuz və sizin vasitənizlə bütün bunlara görə dostlara, qohumlara, qələm dostlarımın hamısına təşəkkürümü bildirmək istəyirəm”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top