Heç kimin 700 bal toplamaması Təhsil Nazirliyinin günahıdır – EKSPERT

SOSİAL 24 may 2019, 17:15

"Belə vəziyyət ona görə yaranıb ki, ölkədə tətbiq olunan kurikulum özünü doğrultmur”

 

Demokrat.Az xəbər verir ki, Sfera.az-a açıqlamasında bu sözləri cari ilin qəbul imtahanlarında heç bir abituriyentin maksimum 700 bal toplamamasına münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib. O, yaranmış acınacaqlı vəziyyətin səbəbini orta məktəblərdə və Təhsil Nazirliyinin (TN) fəaliyyətsizliyində axtarmağı lazım bilir:


"Bu ildən etibarən imtahanlar iki mərhələli keçirilir. Birinci mərhələ buraxılış imtahanlarından ibarətdir. Burada da maksimum 300 bal toplanmalıdır. İkinci mərhələ isə qəbul imtahanından ibarətdir. Onun da birinci mərhələsi mayın 12-19-da olub. İkinci mərhələ isə 23 iyun və 7 iyulda olacaq. Buraxılış imtahanında yalnız iki nəfər maksimum bal toplamışdı. Ancaq həmin iki nəfər qəbul imtahanında maksimum bal toplaya bilməyib. İkinci mərhələdə, yalnız bir nəfər 400 bal toplamışdı, ancaq o da ilk mərhələdə 265 bal yığmışdı. Bu o deməkdir ki cari ildə ölkədə 700 bal toplayan ümumiyyətlə olmayacaq. Bu da ona görədir ki, ölkədə tətbiq olunan kurikulum özünü doğrultmur. Bunu gözləyirdik, amma Təhsil Nazirliyi gözləmirdi.Riyaziyyat və azərbaycan dilindən imtahan verənlərin 70 faizi kurikulum standartları üzrə bərbad nəticələr göstərib. Əldə edilən nəticələr də məktəbin nəticələri deyil, repetitorların, hazırlıq kurslarının nəticəsidir. Uşaqların 35 mini azərbaycan dilindən "2” qiymət alıb".

  

Həmsöhbətimiz bildirdi ki, Təhsil Nazirliyi ancaq statistika ilə məşğuldur: "Orta məktəblərdə tədris hələ də ənənəvi formada keçirilir. Təhsildə nəzarətsizlik hökm sürür. Bu da müvafiq qurumun düzgün yolda olmadığını ortaya çıxarır. Deməli ölkənin 11 il ərzində tətbiq etdiyi kurikulum sistemi, dövlət büdcəsindən hər il 2 milyard manat ayırmağımız boş-boşuna xərclənub. Kurikulum sistemi əslində bacarıqların nümayişi üçün gözəl sistemdir. Amma görürük ki, orta məktəblər11 il ərzində ancaq hər ay sonu pullarını almaqla məşğuldur, əvəzində bunun müqabilində heç nə verməyiblər. Təhsil Nazirliyi ancaq statistika ilə məşğuldur. Guya bu statistika da onların uğurudur. Amma bu uğur onların uğuru deyil. Ancaq uğursuzluq nazirliyin fəaliyyətsizliyinin nəticəsidir”.


Keçirilən qəbul imtahanlarının nəticələri göstərir ki, bu ilin qəbul imtahanlarında maksimum nəticə göstərərək 700 bal toplayan olmayıb. Halbuki keçən ilin yaz imtahanlarında 10, yay imtahanında isə 19 nəfər maksimum bal toplamağa nail olmuşdu. Dövlət İmtahan Mərkəzi (DİM) isə bəyan edib ki, bu il maksimum 700 bal toplayan abituriyentlərin sayı az olacaq.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top