"Əsas problem Ukraynada bəzi diaspora rəhbərlərinin səfiri eşitməməsidir" - Rüfət Quliyev

MÜSAHİBƏ 22 may 2019, 15:58

Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Rüfət Quliyevin Demokrat.az xəbər portalına müsahibəsi:


- Bu yaxınlarda Ukraynanın Jitomir şəhərində azərbaycanlı diaspora nümayəndəsi olan Pərvin Şirinov amansızcasına qətlə yetirilib. Onun qətlinin digər azərbaycanlı diaspora nümayəndəsi tərəfindən sifariş verildiyi iddia edilir. Ümumiyyətlə, son vaxtlar Ukraynada azərbaycanlılar arasında bu cür hadisələr tez-tez törədilir. Fikirlərinizi bilmək maraqlı olardı...


- Əvvəla, bu cür kriminal hadisələr təkcə Ukraynada baş vermir. Digər ölkələrdə də belə hadisələr olur. Bu gün Ukrayna 1991-1993-cü illərdəki Azərbaycanı xatırladır. Ölkədə hələ də sabitlik bərqərar olmayıb. Ukraynada dövlət hələ də kriminagen vəziyyəti nəzarət altına ala bilməyib. Ona görə də Ukraynada bu qədər cinayət hadisələri baş verir. Dövlət bununla hələ ki, tam bacara bilmir. Çünki ölkənin sağlam idarə edilməsinə oliqarxlar müdaxilə edirlər.  

 

Azərbaycanda isə bu cür kriminal hadisələr çox azdır. Bunun da köklü səbəbləri var. Azərbaycanda sabitlik hökm sürür, dövlətçilik təfəkkürü mövcuddur. Ən əsası isə cənab Prezident İlham Əliyev Azərbaycanda daxili təhlükəsizliyi və ictimai sabitliyi təmin edə bilib. 

 

Bu gün Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır. Onların əksəriyyəti çox gözəl iş və ailə qurublar, yaxşı pul qazandırlar. Ukraynada Azərbaycan diasporunun ən böyük problemi odur ki, azərbaycanlılar Ali Radaya deputat kimi düşə bilmirlər. Ancaq Vilayət Şuralarının hər birində azərbaycanlılar təmsil olunurlar. Ukraynada fəaliyyət göstərən diaspora nümayəndələri arasında xeyli sayda nüfuzlu insanlar var. Onların sırasında Rövşən Tağıyevin, Hikmət Cavadovun, Oleq Krapivinin və digərlərinin adlarını çəkmək olar. Hesab edirəm ki, hər bir diaspora rəhbərinin özü bir nüfuzlu insandır. Ancaq onlar öz nüfuzlarından ümumi birliyimiz üçün istifadə etməlidirlər. Yaxşı bilirik ki, bu gün Ukraynada diaporalarımız arasında müəyyən problemlər mövcuddur. Onlar hələ də möhkəmlənə bilmirlər. Bunu özləri də etiraf edirlər. Ukraynada diaspora nümayəndələrinin ən böyük problemlərindən biri də Azərbaycan dövlətini təmsil edən şəxsləri eşitmək istəməmələri, razılaşmadan müəyyən təhlükəli addımlar atmalarıdır. Ukraynada ayrı-ayrı diaspora rəhbərlərinin Azərbaycan səfirini eşitməməsi problemləri də var. Bu, sevindirici hal deyil. Gərək diaspora rəhbərləri belə etməsinlər. Mən hər zaman deyirəm ki, səfir xarici ölkədə Azərbaycan dövlətini təmsil edir. Bu gün səfir Azər Xudiyev cənab Prezident İlham Əliyevin Ukraynada nümayəndəsidir. Bunu səfiri istəyən də, istəməyən adam da qəbul etməlidir. Səhər saat 9-dan axşam saat 6-dək səfiri qəbul etməlisən. Əgər səfir səni iş vaxtı harasa tədbirə dəvət edirsə, hər hansı tövsiyə və tapşırıqlar verirsə, bunu qəbul etməlisən. Çünki o, Azərbaycan dövlətinin səfiridir. Səfirin sözü dövlətin sözüdür. Səfiri eşitməmək, ona qarşı hər hansı hərəkətlər etmək dövlətə qarşı addım sayılır. Azər Xudiyev baxmayaraq ki, cavan adamdır, amma Ukraynada diasporanın güclənməsi və Azərbaycanın tanıdılması istiqamətində kifayət qədər çox çalışır. İndi nəyə görə bizim bəzi diaspora rəhbərləri səfiri normal formada qəbul etmək istəmirlərsə, bu, onların şəxsi mövqeyindən irəli gəlir. Şəxsi məsələləri isə dövlət məsələsinə qurban vermək olmaz. Bəzən diaspora rəhbərlərindən hər hansı məsələ ilə bağlı mənə suallar veriləndə, mən dərhal səfirin fikrinin nə olduğunu soruşuram. Mən bunu səfiri tərif etmək üçün söyləmirəm. Nə cənab səfir Azər Xudiyev mənim qohumum deyil, nə də diaspora rəhbərləri yaxınım deyil. Mən obyektiv fikirlərimi söyləyirəm. Dünyanın hər yerində səfirin sözünü eşitmək vacib məsələ sayılır. Səfir nə tələb edir? Deyir ki, birləşin, Azərbaycanı yaxşı səviyyədə tanıdın və sairə. Bilirsiniz, bəzən məsləhətləşmədən atılan addım dövlətə böyük zərər vurur. Misal üçün, bir neçə il əvvəl nüfuzlu diaspora rəhbəri olan Hikmət Cavadov Saakaşvilinin Ukraynaya gəlişi zamanı ona açıq dəstək nümayiş etdirmişdi. Buna görə Ukrayna dövləti Azərbaycana nota vermişdi. Ola bilər ki, Hikmət Cavadovun Saakaşviliyə yaxşı münasibəti var. Bu onun şəxsi münasibətidir. Şəxsən mənim də Hikmət Cavadova böyük hörmətim var. Ancaq o, öz mövqeyilə Azərbaycan dövlətinin mövqeyinin fərqli olmasını nəzərə almalıdır.  

 

Ümumiyyətlə, mənim də fikrim odur ki, birləşək. Mən Ukraynaya yaxın insanam, bu ölkədə yaşayıb təhsil almışam, indi də yaxşı əlaqələrim var. Pərakəndə formada fəaliyyət göstərməklə diasporanı gücləndirmək olmaz. Gərək birlik olsun, koordinasiyalı şəkildə fəaliyyət qurulsun.          


- Azərbaycanlılara qarşı törədilən cinayət hadisələrində Ukraynanın daxili işlər nazirinin erməni millətindən olmasının rolu ola bilərmi?  


- Xeyr, mən burada onun rolunu görmürəm. Əgər kimsə düşünürsə ki, Ukraynanın daxili işlər naziri səhər saat 09:00-dan axşam saat 18:00-a qədər oturub yalnız azərbaycanlılara pislik edir, bu çox səhv fikirdir. Amma eyni zamanda qeyd edirəm ki, sabah ermənilərlə azərbaycanlılar arasında hər hansı problem yaşanarsa, daxili işlər naziri birmənalı olaraq ermənilərin tərəfini tutacaq. Bəli, bu gün Ukraynada azərbaycanlıların problemləri olanda və Ukrayna Daxili İşlər Nazirliyinə müraciət ediləndə, onların problemlərinə biganə yanaşma halları olur. Amma Azərbaycanın Ukraynadakı səfiri hörmətli Azər Xudiyev də bu istiqamətdə çox fəal çalışır. Mən onunla daim əlaqədəyəm. Hələ bir neçə il əvvəl azərbaycanlılara məxsus TIR-lar oğurlananda, səfir Azər Xudiyev dəfələrlə Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət edirdi, məsələni daim diqqətdə saxlayırdı.


Ardı var...

 

 


Zaur Hacılı
Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top