"Koçaryanın yenidən həbs olunması istisna deyil" — Deputat

GÜNDƏM 21 may 2019, 16:51

Son günlər Ermənistanda baş verən proseslər bu ölkənin yeni inqilabın astanasında olduğunu göstərir. Məlumdur ki, bir neçə gün əvvəl eks prezident Robert Koçaryanın məhkəmə zalından azadlığa buraxılmasından sonra baş nazir Nikol Paşinyan inqilabın “ikinci mərhələsi"nin başladığını elan etdi və tərəfdarlarını məhkəmələrin qarşısına çağırdı. Bu hal isə Ermənistan əhalisi və siyasətçiləri arasında bir çaşqınlıq yaratdı. Hətta bunu Ermənistanda baş nazir Nikol Paşinyan hakimiyyətinin yoxluğu kimi də dəyərləndirdilər.


Məsələ barədə Milli Məclisin deputatı, siyasi analitik Aydın Mirzəzadə AzNews.az-a bildirdi ki, görünür, Paşinyan bunu hələ də müəyyən qüvvəsi olan Qarabağ klanının sosial bazasını özünə tərəf çəkmək, yaxud da onların aqressivliyini azaltmaq xətrinə edir:


"Eyni zamanda, tamamilə mükündür ki, bir müddətdən sonra Paşinyan Koçaryanı yenidən həbsxanaya atdırsın. Bir sözlə, Paşinyan vaxtaşırı Koçaryana və onun komandasına deyir ki, istənilən vaxt onlar üzərində məhkəmə qurar və həbsxanaya atdıra bilər. Bununla da o, Koçaryanı mənəvi cəhətcə sındırmağa çalışır. Əslində, Koçaryan tək ermənilər yox, Azərbaycan xalqı qarşısında da böyük cinayət əməlləri olan bir şəxsdir. O, torpaqlarımızın işğalı zamanı yerli əhaliyə qarşı olmazın qəddarlıqlar törətmiş qansız bir insandır. Eyni zamanda, o, Ermənistanda böyük bir diktatura qurmuşdur. Seçkilərdə insanların azad səsini boğmaq üçün hətta güc qüvvələrini dinc əhaliyə qarşı yönəldirdi. Ermənistan varidatının böyük bir hissəsini özünün şəxsi mülkünə çevirmişdi".


A.Mirzəzadə əlavə etdi ki, Koçaryanın azad olunmasında Qarabağ klanının və Rusiyanın təsirləri də mümkündür:


"Bəlkə də Paşinyan Rusiya ilə hansısa formada siyasi ticarət etmək istəyir!? Onsuz da o, hakimiyyətə gələn gündən Rusiya ilə münasibətlərdə müəyyən soyuqluq yaratdı. Ona görə də Koçaryana təzyiqi bir qədər azaltmaqla Rusiyanın rəğbətini qazanmağa çalışır. Amma Koçaryanın növbəti dəfə həbs olunması heç də istisna deyil".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top