İdmançıların valideynləri ilə görüş keçirildi — FOTOLAR

MARAQLI 21 may 2019, 12:42

Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin təşəbbüsü ilə Respublika Velotrekində övladları velosiped idmanı ilə məşğul olan valideynlərlə görüş keçirilib. 


Demokrat.az xəbər verir ki, qonaqlar əvvəlcə Respublika Velotrekində idmançılar üçün yaradılan şərait, məşq, həkim və massaj otaqları ilə tanış olub, daha sonra ölkəmizdə və dünyada velosiped idmanının tarixini özündə əks etdirən muzeyə baş çəkiblər .


AzVİF-in baş katibi Fərhad Əliyev, Respublika Velotrekinin direktoru Ceyhun Mirzəyev və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanovun valideynlərlə görüşündə bir sıra məsələlər müzakirə olunub. 


Bildirilib ki, federasiya tərəfindən idmançıların ustalıq səviyyələrinin artırılması, onların beynəlxalq yarışlarda iştirakının təmin olunması üçün mümkün olan hər bir şey edilir və proses bundan sonra da davam edəcək. İdman nəticələrinin artmasında isə fiziki hazırlıqla yanaşı, psixoloji hazırlıq da mühüm əhəmiyyət kəsb edir ki, bu yöndə valideyn dəstəyinə böyük ehtiyac var.


Velosiped idmanı ilə məşğul olmağa başladıqdan sonra övladlarında çoxlu müsbət dəyişikliklərin müşahidə olunduğunu deyən valideynlər Respublika Velotrekində gördüklərindən məmnun qaldıqlarını bildiriblər. 


Görüşün sonunda idman yarışlarında yüksək nəticələr göstərən velosipedçilərin valideynlərinə təşəkkürnamələr təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top