"Ukraynada azərbaycanlılar arasındakı problemi avtoritetlər həll etsin, Fuad Muradovun onlara gücü çatmaz" — Deputat

GÜNDƏM 18 may 2019, 16:06

Milli Məclisin deputatı Aqil Abbas Ukraynanın Jitomir şəhərində azərbaycanlı diaspora nümayəndəsi olan Pərvin Şirinovun amansızcasına qətlə yetirilməsindən danışıb. 


Aqil Abbas Demokrat.az-a açıqlamasında bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynadakı bir sıra diaspora üzvləri ilə bacara bilmir:


"Oradakı diaspora nümayəndələri Diaspora Komitəsi ilə hesablaşmırlar. Diaspora təşkilatlarının da avtoritetlərə sözü keçmir. Ona görə də Ukraynadakı azərbaycanlı avtoritetlər yığılıb bir araya gəlməli və bu məsələyə əncam çəkməlidirlər. İndi orada da avtoritet qalmayıb, çoxunu öldürüblər. Ukraynadakı problemin əsas çıxış yolunu bunda görürəm". 


Deputat təklif edib ki, Ukraynada azərbaycanlılar arasında yaşanan problemi avtoritetlər həll etsin:


"Yoxsa ki, Fuad Muradovun onlara gücü çatmaz. Bu məsələ Diaspora qurumunun gücü deyil. Ümumiyyətlə, cinayət aləminin adamları yalnız nüfuzlu şəxslərin sözlərini eşidirlər. Onlarla başqa formada danışmaq lazımdır. Ola bilsin ki, avtoritetlər yaradıcı adamları eşitsinlər. Çünki onların yaradıcı adamlara simpatiyası olur. Bəlkə də yaradıcı adamlar onları bir yerə toplaya bilər. Amma Fuad Muradov dövlət məmurudur. Avtoritetlərin aləmində isə dövlət məmuru ayrı cür qəbul olunur. Ukraynada diaspora rəhbərlərini yalnız mən dediyim adamlar barışdıra bilərlər. Yəni, avtoritetlərin sözünü eşidib qəbul etdiyi adamlar". 

 

Image result for Aqil Abbas


Xatırladaq ki, Ukraynanın Jitomir şəhərində milliyətçə azərbaycanlı olan Şirinov Pərvin Allahverdi oğlu amansızcasına qətlə yetirilib. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2 nəfər silahlı şəxs motosikletlə Pərvin Şirinovun yaşadığı evin qarşısına gələrək, evi atəşə tutublar. Atəş açılan vaxtı Pərvin Şirinov evin həyətində oturubmuş. Killerlər avtomotdan 21 dəfə atəş açıblar. Açılan güllərdən biri Pərvin Şirinovun başından dəyib. O, hadisə yerində keçinib.  


Qətli törədən 2 nəfər killer Ukrayna polisi tərəfindən Kiyev yaxınlığında saxlanılaraq həbs edilib. Ümumilikdə, sözügedən qətl hadisəsində şübhəli bilinən 6 nəfər saxlanılıb. Onların arasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir bölgəsinin rəhbəri Radj Qasımovun qardaşı da var. Hazırda onlar hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dindirilirlər.

 

Hadisə ilə bağlı Demokrat.az olaraq Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Ukraynadakı Səfirliyinə və müvafiq diaspora təşkilatlarına sorğu ilə müraciət etsək də, ancaq müraciətimizə indiyədək cavab verilməyib.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top