"Dünyada Azərbaycana qarşı böyük bir şəbəkə formalaşıb" — Deputat

GÜNDƏM 17 may 2019, 10:18

Bu gün Milli Məclis üzvləri ilə birgə “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda Dəyirmi masa keçirilib.


Demokrat.az xəbər verir ki, tədbirdə postmodernist cəmiyyətlərdə formalaşan şəxsiyyətlər, fərdlər və milli kimliklə bağlı mövzular müzakirə olunub.


Millət vəkili, politoloq Hikmət Babaoğlu çıxış edərək bildirib ki, postmodernist cəmiyyətlərdə artıq milli kimlik məsələsi ilə bağlı pərakəndəlik hökm sürür.


Deputatın sözlərinə görə, fərdlərin müasir dünyanın düşüncə tərzi ilə, informasiya-kommunikasiya texnologiyalarının yenilikləri, təsirləri altında formalaşmasının müsbət cəhətləri ilə yanaşı, mənfi tərəfləri də var:


“Onlar – yeni fərdlər fizioloji-bioloji baxımdan bizimlə bağlı olsalar da, düşüncə cəhətdən bizə bir o qədər bağlı deyillər.


Onlar kimin varisləridir? Onlar bizim varislərimizdirmi? Bu suallar bir qədər narahatedici və düşündürücüdür”.


Millət vəkili anti-azərbaycançı şəbəkədən də danışıb:


“Bu gün dünyada Azərbaycana qarşı böyük bir şəbəkə formalaşıb, buna anti-azərbaycançı şəbəkə də deyirik. Həmin şəbəkələr bir çox hallarda məhz düşüncə cəhətdən bizə bağlı olmayan həmin yeni fərdlərdən elə bizlərə, ölkəmizə, dövlətçiliyimizə qarşı istifadə edirlər.


Yəni məhz onlar, düşüncə tərzi ilə bizə bağlı olmayanlar həmin dairələrin, şəbəkələrin daha çox və daha tez təsiri altına, yanlış yola düşürlər.


Odur ki, Azərbaycandakı QTH-lərin bir funksiyası, bir vəzifəsi də məhz həmin fərdlərlə işləmək, onları zərərli düşüncələrdən və yanlış addımlardan çəkindirmək olmalıdır. Bu, çox önəmli məsələ və vəzifədir”, – deyə millət vəkili əlavə edib.


Sabiq millət vəkili, YAP Siyasi Şurasının üzvü, tanınmış jurnalist Vüqar Rəhimzadə Azərbaycanda QHT-lərin fəaliyyətinə hər cür imkan və şəraitin yaradıldığını, onların cəmiyyətdə ictimai nəzarət funksiyasını yerinə yetirməli olduğunu dilə gətirib.


Sabiq millət vəkili bəzi qeyri-hökumət təşkilatlarının dövlətçiliyə, azərbaycançılığa zidd fəaliyyət göstərdiklərini bildirib.


Bunun yolverilməz olduğunu deyən V.Rəhimzadə həmin QHT-lərin “zərərverici” fəaliyyətinə qarşı dövlətçilik mövqeyində dayanan vətəndaş cəmiyyəti təmsilçilərinin daha ciddi şəkildə mübarizə aparmalarının vacibliyini önə çəkib.


Deputat Şahin İsmayılov isə xatırladıb ki, Azərbaycanda 300-ə yaxın qeyri-hökumət təşkilatı var, onlardan 30-u beynəlxalq təşkilatlarla sıx işləyir.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top