"Azərbaycana qarşı çirkin kampaniyanı gücləndirirlər" — Baş nazirin müavini

GÜNDƏM 14 may 2019, 14:53

"Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı ciddi kampaniya aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər".


Demokrat.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.


Ə.Əhmədov bildirib ki, bu bəhanələrin sırasında idman yarışları da var:


"Bu, birinci dəfə deyil. Azərbaycanda siyasi xarakter daşımayan mötəbər tədbirlər keçirilən zaman ölkəmizə qarşı fəaliyyət göstərən qüvvələr hərəkətə keçir və Azərbaycanın imicinin üzərinə kölgə salmağa çalışırlar. Bu, ölkəmizin dünyada artan nüfuzunun bilavasitə nəticəsidir. Azərbaycanı sevməyən, bizə qarşı kampaniya aparan qüvvələr ölkəmizin nüfuzunun artmasından narahatlıq keçirir və çirkin əməllərindən qalmırlar".


Baş nazirin müavini burada erməni lobbisinin çirkin fəaliyyətini də qeyd edib: 


"Əlbəttə ki, onlar Azərbaycanın yüksələn nüfuzu qarşısında vahiməyə düşürlər. Azərbaycana qarşı çirkin kampaniyanı gücləndirirlər. Onlara dəstək verənlər də var. Bütün bu kampaniyalar Azərbaycanın müxtəlif tədbirlərin keçirilməsinə ev sahibliyi etməsinə əngəl olmayacaq. Mayın sonunda baş tutacaq idman tədbiri də yüksək səviyyədə keçiriləcək".


Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan sabit və təhlükəsiz ölkədir. Dünyanın hər bir yerində bunu bilirlər: 


"Azərbaycan sabitliyi və təhlükəsizliyi ilə dünyada birmənalı şəkildə tanınır. Ölkəmizin əhəmiyyəti etiraf edilir və heç bir qarayaxma kampaniyası bunun qarşısını ala bilməyəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top