“Satılır” sözünə görə heç bir sürücü cərimələnə bilməz — Kamran Əliyev

GÜNDƏM 13 may 2019, 14:13

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) maşınların üzərində “Satılır” sözü yazanların cərimə edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 


İdarənin Yol Patrul Xidmətinin (YPX) şöbə rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, son bir neçə ildə belə bir açıqlama verməyib:


“Ötən gün mətbuatda mənim adımdan avtomobillərin üzərində “Satılır” sözü yazanlara cərimə tətbiq ediləcəyi ilə bağlı məlumat yayılsa da, mən son bir il ərzində heç bir media qurumuna belə açıqlama verməmişəm.


Ola bilər ki, 3-4 il əvvəl avtomobillərin üzərinə “Satılır” sözü yazıb və piyada səkilərində uzun müddət saxlayan piyadaların hərəkətinə maneə olan sürücülərlə bağlı verdiyim açıqlamadan istifadə ediblər. Həmin vaxt mən maşınların səkidə saxlanmasına görə cərimələnməsi haqda danışmışam”.


“Avtomobillərin üzərində olan və onun hansı şirkətə məxsus olduğunu bildirən loqotiplər reklam sayılmır. Yalnız hansısa məhsul avtomobilin üzərində qanunsuz reklam olunduqda, sürücü cərimə oluna bilər”, - deyə şöbə rəisi qeyd edib.  


Qeyd edək ki, mətbuatda üzərinə “Satılır” elanı vurulmuş avtomobillərə görə 2000 manatadək cərimə tətbiq ediləcəyi barədə xəbər yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top