Sabiq deputatın prorektor təyin edilməsi etiraz doğurdu: "Bu cür "vurulmuş" adamları vəzifəyə təyin etmək təhsilin inkişafına zərbədir"

MARAQLI 13 may 2019, 13:35

Tanınmış təhsil eksperti Kamran Əsədov Milli Məclisin sabiq deputatı Elton Məmmədovun Azərbaycan Texniki Universitetinin (AzTU) strateji inkişaf məsələləri üzrə prorektor vəzifəsinə təyin edilməsinə sərt reaksiya verib. 


Kamran Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, Elton Məmmədovun belə bir vəzifəyəyə təyin edilməsi səhv addımdır:


"Artıq Azərbaycanda islahatların yeni dövrü başlayıb. Söhbət ondan gedir ki, artıq indiyədək sosial-iqtisadi sahədə mövcud olan səhvlərin düzəldilməsi ərəfəsini yaşayırıq. Əslində, təhsil elə sahədir ki, kənar sahələrdən "vurulmuş" şəxslər burada idarəçiliyə gətirilməməlidir. Çünki onların əvvəlki fəaliyyətinin təhsilin və elmin inkişafına heç bir töhfəsi olmayıbsa, o zaman indi onlara təhsil sahəsində vəzifələr verilməsi yolverilməzdir. Bu cür adamları sadəcə olaraq kresloda oturtmaq üçün vəzifəyə təyin etmək təhsilin inkişafına zərbədir". 


Ekspert deyib ki, bu gün Azərbaycanın heç bir universiteti dünya reytinqində yer almır:


"Bunun əsas səbəbi də ali təhsil müəssisələrini idarə edən şəxslərin bu sistemə naşı olmasıdır. Yenə təkrar edirəm: təhsil heç də yayda sərin, qışda isti kresloda oturmaqla idarə olunacaq bir müəssisə deyil. Ali təhsil müəssisələrində idarəçiliyə təhsilin fəlsəfəsini, psixologiyasını və dünya təhsilinin menecmentini bilən şəxslər gətirilməlidir ki, onlar Azərbaycan ali təhsilinin dünyada tanınmasına xidmət göstərər bilsinlər. Daha Elton Məmmədov kimi şəxslər deyil. Çox təəssüf ki, bu gün Azərbaycanın ali təhsil müəssisələrinə təyin edilən rektorların əksəriyyətinin ali təhsillə bağlı beynəlxalq təcrübələri yoxdur. Əgər onların elmi nəşrlərini yoxlasaq, bunu tapmaq mümkün olmayacaq. Halbuki, ərazisi Bakının yarısı qədər olan Sinqapurun 2 universiteti dünya reytinqində ilk 50-ci sırada yer alır. Onlara xaricdən 80 min nəfər tələbə gəlir. ABŞ-da isə bunların sayı 10 milyon nəfərdir. Çünki həmin ölkələrdə təhsili menecerlər idarə edirlər. Daha hansısa vəzifədən "vurulanlar", işsiz qalanlar deyil". 

 

Картинки по запросу Kamran Əsəsdov


K.Əsədov qeyd edib ki, başqa sahədə vəzifədən çıxarılan adamları təhsil sahəsində idarəçiliyə gətirilməməlidir:


"Təhsildə nümunəvi şəxslər rəhbərliyə gətirilməlidir ki, tələbələr həmin şəxslərin və ailə üzvlərinin hərəkətlərindən yaxşı nümunə götürsünlər. Yoxsa, əvvəlki fəaliyyəti qənaətbəxş olmayan şəxslərin təhsil sahəsində vəzifə verilməsi yaxşı hal deyil. Bu cür adamlar Azərbaycan təhsilinin inkişafında heç bir rol oynaya bilməzlər. Axı özünü yetişdirə bilməyən adam necə yaxşı kadr yetişdirə bilər? Əgər bir adamın özünün faydalılıq əmsalı yoxdursa, təbii ki, ondan müsbət nəticə gözləməyə dəyməz. Özü yaxşı kadr olmayan adam heç zaman normal kadr yetişdirə bilməz. Mən dəfələrlə bildirmişəm ki, ali təhsil müəssisələrində idarəçiliyə o şəxsləri gətirmək lazımdır ki, onların həm şəxsi nüfuzu, həm də şəxsi karyerası yüksək olsun".   


Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun əmri ilə Elton Məmmədovun Azərbaycan Texniki Universitetinin (AzTU) strateji inkişaf məsələləri üzrə prorektoru təyin edilib. 

 

Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top