"Ermənilər Stalini inandırmışdılar ki, guya Bakı neftçiləri ona xəyanət edir" — Tarix İnstitutunun direktoru

9 May qələbəsi ilə dünya faşizm kimi bir bəladan xilas oldu. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.


Demokrat.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.


O bildirib ki, Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Lakin SSRİ-nin bir çox şəhərlərinə “qəhrəman şəhər” fəxri adı verildiyi halda, faşizm üzərində Qələbədə öz nefti ilə həlledici rol oynayan Bakı şəhərinə bu ad verilmədi.


Azərbaycan xalqının zəkasının faşizm üzərində Qələbədə mühüm rolu var. Böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin yüksək oktanlı yanacaq ixtira etməsi ilə İkinci Dünya müharibəsində böyük dönüş yarandı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə sovet dönəmində Krımda, Sapun dağında Azərbaycanın 77-ci atıcı diviziyasının qəhrəmanlığını əbədiləşdirmək üçün böyük abidə qoyulub. Müharibə zamanı da ermənilərin Azərbaycanın ziyalı oğullarını məhv etmək xətti davam etdirilib. Qeyd etmək lazımdır ki, Həzi Aslanovun hərbi əməliyyatlar getmədiyi bir şəraitdə öldürülməsinin Baqramyan tərəfindən təşkil edildiyi arxiv sənədləri ilə sübut olunub.


Müharibənin gedişində xalqımızı çeçenlər, məshəti türkləri kimi sürgün etmək planları var idi, bunun qarşısını Azərbaycanın o zamankı rəhbərliyi ala bildi. Ermənilər Stalini inandırmışdılar ki, guya Bakı neftçiləri xəyanət edir və cəbhəyə yanacaq göndərmirlər. Stalin isə azərbaycanlıların 48 saat ərzində sürgün olunması barədə dekret hazırlamış və Azərbaycanın o zamankı rəhbərliyinə müvafiq göstəriş vermişdi. Lakin Stalinə sübut edildi ki, neftçilərimizin xəyanəti barədə məlumatlar yalandır. O zaman erməni yalanı Həştərxan və Krasnovodska zəngdən sonra ifşa edilmiş və Bakı neftçilərinin sisternlərlə oralara yanacaq göndərdikləri, mühasirədə olan Stalinqradın müdafiəsini təmin etdikləri sübut olunmuşdu. Bakı nefti olmasaydı, nə aviasiya, texnika, nə də döyüşən ordu yanacaqla təmin oluna bilməzdi.


SSRİ müharibə başa çatandan sonra Bakı neftindən olan asılılığın qarşısını almaq üçün Azərbaycandakı neft bazalarını Volqaboyuna, Sibirə köçürdü. Sovet vaxtı Azərbaycan Dövlət Neft Akademiyasını da köçürmək istəyirdilər. Heydər Əliyev bunun qarşısını aldı və əksinə Bakıda Dərin Özüllər Zavodunu tikdirdi.


Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə İkinci Dünya müharibəsinin azərbaycanlı qəhrəmanlarına 1991-1993-cü illərdə nümayiş etdirilən hörmətsizlik halları aradan götürüldü.


Sovet dönəmində qəsdən cəmiyyətə yalançı tarix sırıyıblar, ona görə də hazırda Azərbaycan tarixi yenidən araşdırılır. AMEA-nın Tarix İnstitutunda Azərbaycanın sovet dövrü tarixi şöbəsi fəaliyyət göstərir. İnstitut İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır. 2018-ci ildə AMEA-nın müxbir üzvü Qaraş Mədətovun (1928-1993) “Azərbaycan Böyük Vətən müharibəsi illərində” monoqrafiyası yenidən işlənmiş və təkmilləşdirilmiş nəşri çap olunub. Yeni nəşr “Azərbaycan SSR 1941-1945-ci illər müharibəsində” adlanır.


Azərbaycan tarix elmində İkinci Dünya müharibəsinin tarixinə yeni baxış mövcuddur. Hazırda “Böyük Vətən müharibəsi” anlayışı yerinə “1941-1945-ci illər müharibəsi” istifadə edilir.


Bakı nefti və Azərbaycan aliminin mühüm ixtirası olmasaydı, 1941-1945-ci illər müharibəsi qələbə ilə sona çatmaz və dünya faşizm bəlasından xilas olmazdı.


1994-cü ildən başlayaraq Azərbaycanda 9 may - Qələbə Günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb.

9 May 2019, 18:11   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß