“Efirdə Zauru, Xoşqədəmi, Toliki görürəmsə, necə oruc tuta bilərəm?” — İlahiyyatçı alimdən ETİRAZ

SOSİAL 08 may 2019, 14:02

“Oruc Allahın bizə bildirdiyi ancaq sayılı günlər olan, özümüzü, nəfsimizi, günahlarımızı təmizləmək üçün çox böyük bir fürsətdir. Təəssüf ki, cəmiyyət  və çevrə olaraq bu fürsətin fərqində deyilik”.


Demokrat.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib. 


O bildirib ki, mühitimiz bu çevrədə olmağa bizə şans vermir:


“Belə olduqda hər kəs bu cür ağır şərtlər altında və çevrənin, cəmiyyətin olduğu mühitdə mənəvi ab-havanı dərk edib böyük və fəzilətli mübarək Ramazan ayını olduğu kimi yaşamır. Həm cəmiyyət, həm efirlərdən ötürülən mesajlar tamamilə insanları mənəvi dəyərlərdən yayındırır. 


Məsələn, mən hər zaman düşünürəm ki, imkan olanda Ramazan ayında tamamilə bu cəmiyyəti tərk edərək elə bir ölkəyə gedim ki, orada bu ayı tam Allahın istədiyi kimi yaşayım. Bu isə mümkünsüzdür. Buna baxmayaraq, hər kəs özünə görə məsuliyyət daşıyır. Təəssüf ki, fərdi məsuliyyət yaşadığın çevrənin istəklərini qane etmir və bəzi insanlar çevrənin mühiti ilə həyatlarını yaşamaq məcburiyyətindədirlər. 


Bizim ölkəmizdə isə müxtəlif fikir axınları var. Bir yandan müxtəlif millətlər, dinlər, islamın müxtəlif məzhəbləri, digər yandan ölkəmizdə ərəb islamı, fars islamı, türk islamı qruplaşmaların, onların mədəniyyətinin ölkəmizdə din adı altında təbliğ edənlərin təsiri, digər yandan dinimizə cəmiyyətin özünün soyuqluğu belə fikirlər doğurur ki, 1, 2, 5, 10 gün oruc tutdum mənə bəs edir. Halbuki, bunun mahiyyətini çox az adam dərk edir ki, 11 ayın içərisində yalnız bir ay oruc tutmaq bizdən istənilir. Onun isə nə qədər mömin, iman əhli olsa da müəyyən qədər çevrə, oturub durduğun adamlar, cəmiyyət, iş yerləri, əlaqədə olduğun şəxslər səni tam olaraq Allaha bağlılıqdan, namaz qılmaqdan, oruc tutmaqdan, insanlara yaxşılıq etməkdən yayındırırlar”.


İlahiyyatçı düşünür ki, bizdə hələ tam müəyyən olunmuş mənəvi bağlılıq bazası formalaşmayıb:


“Bunun da həddindən artıq çox səbəbləri var. Bunlardan, kafe və restoranların, barların, gecə klublarının Ramazan ayında fəaliyyəti, spirtli içkilərin Ramazan ayında açıq aşkar satışı, efirlərdən reklamı çevrəni, cəmiyyəti korlayır. Oruc tutanlar belə mütləq belə bir mühitdə fikirlərini dəyişib bir gün olsa belə oruc tutduqları üçün özlərini doğru yolda hesab edirlər. 


Ancaq bizə dinimizi yaşamağa icazə vermirlər. Bunun səbəbi, əlbəttə, efirlərdə mənəvi, dini təbliğatın olmamasıdır.


Efirlərdə hər gün şoular, konsertlər, bayağı şəxslərin sərsəm çıxışları verilir. Belə bir mühitdə hansı mənəvi dəyərlərdən söhbət gedə bilər? 


Savadlı, elmi ilahiyyatçılar efirlərə dəvət olunmalı, canlı yayımlar təşkil olunmalıdır. İnsanlar dini suallarını verməlidirlər. Amma efiri açıb Zaurun dəvət etdiyi müğənnilərin oxuduğu mahnılara baxıramsa, mən necə oruc tuta bilərəm? Əgər mən Xoşqədəmin, Tolikin və s. aparıcıların göstərdiklərinə, təqdimatına baxıramsa, mənəviyyatımı, dinimi, orucumu, namazımı haradan, kimdən öyrənə bilərəm? Bütün bunlar insanlarda mənəvi dəyərləri yox edir”.


Ə.Həsənov həmçinin qeyd edib ki, orucu tam tutmaq lazımdır:


“Əgər bir insan xəstədirsə, səfərdədirsə, tutmaya bilər. Əgər bir müsəlman bəndə oruca başlayır və niyyət edib tam tutacaq, müəyyən günlər tutduqdan sonra xəstələnərsə, immunteti zəifləyərsə, həkimin məsləhəti ilə orucunu dayandıra bilər. Səfərdən qayıtdıqdan və tam sağlamlığına qovuşduqdan sonra orucunu tuta bilər, Ramazandan sonra isə tədricən qəzasını tutar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top