"ANS-in fəaliyyətinin bərpası müzakirə predmeti deyil" - Baş Prokurorluq

GÜNDƏM 06 may 2019, 19:16

Respublika Baş Prokurorluğu “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin açılacağı barədə məlumatlara aydınlıq gətirib.

 

Baş Prokurorluqdan məlumatında bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə informasiyalar yayılıb.

 

“Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının “ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək  şirkətə verilmiş xüsusi razılığın (lisenziyanın)  qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilib.

 

Baş Prokurorluqda istintaq edilən “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət  əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilib”, - deyə məlumatda bildirilib.

 

Xatırladaq ki, ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyəti 18 iyul 2016-cı ildə dayandırılıb.

 

29 iyul 2016-cı il tarixində keçirilən məhkəmə ilə ANS-in lisenziyası ləğv edilib.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top