Mir Şahin: "Əli İnsanovun boynuna ancaq kəfən yaraşır" — VİDEO

GÜNDƏM 06 may 2019, 12:13

Təsəvvür edin. Azərbaycan dünyanı dəyişmək istəyən, onu daha ünsiyyətcil, abad və ümumbəşəri etməyə, daha yaxşı gələcəyə aparmağa çalışan dövlətlərlə bir sıradadır. Var gücü ilə işləyir. Bütün dillərə və bütün dinlərə təhrifsiz tərcümə olunur. Haralardasa, bir ovuc qüvvə də var ki, Azərbaycanı dəyişməyə, geriyə, ən azı 30 il keçmişə qaytarmağa çalışır.


Baxın. Bir tərəfdə Nəsimi. Dərisini soysalar da əqidəsini dəyişməyən, nəinki planetar, hətta kainati bir varlıq olan bu adamın yerləşdiyi insan ucalığı, başqa bir nöqtədə isə azadlıq bəxş edilsə də özünün, hikkəsinin, kininin, küdurətinin əsarətindən, həbsindən, türməsindən heç cür azad ola bilməyən İnsanov aşağılığı. Axı hər ikisi Azərbaycanın ayağına yazılır.


Əlbəttə, Nəsimi çox ucadır. Amma onun dərisindən damcılayan qana da gərək İnsanov qonmasın. Böyük bir ruh inciyir axı. Yox. Gəlin daha poetikanı-filanı bir kənara ataq. Sadə dildə danışmaq lazımdır. Elə insanovla da.


Həbsdən çıxandan Amerikaya təşəkkür etməyə başlayan, “Amerikanın səsi”nə minnətdarlıqla davam edən, yaşda Tramp, başda tromb, plaşı həbs olunduğu 2005-ci ilin narıncı inqilab ovqatının korlanmış çalarında, gözünün altı isə ənənəvi olaraq qara olan Əli İnsanova elə gələ bilər ki, rüşvət və regionçuluğun, korrupsiya və qanunsuzluğun rəmzi olduğu unudulub. Biz unutmamışıq. Şəxsən mən unutmamışam. 2005-ci ilin aprelində mən məhz onun, səhiyyə naziri Əli İnsanov haqqında hazırladığım reportajda belə bir fikir söyləmişdim: “Rüşvət alan kişi anasını, bacısını, arvad-uşağını özgə kişinin puluna saxlayır”.


Əli İnsanov o zaman sətiraltına necə düşdüyünü gərək ki, unutmayıb! Mən unutmadığım kimi. Çünki məhz o reportajdan sonra mənə qarşı bu gün də davam edən mənəvi terrora məruz qaldım. Bu həftə o təhqir kampaniyasının 14 ili tamam oldu. Əli İnsanovla başlayan təhqir kampaniyasının. İnsanov bu gün boynuna kəfən salıb yola çıxdığını deyir. Doğrudan da o boyuna ancaq kəfən yaraşır. Amma biz neçə illər sadədil uşaqlar kimi elə bilmişik ki, o ağ xalatdır. Kəfən qolunda qalstuklu, kostyumlu mürdəşirin birisini ölkənin baş həkimi kimi qəbul etmişik. Təsəvvür edirsiz? Bu adam boynuna saldığı o lənətə gəlmiş kəfənin parçalarından nə qədər mənzilə, nə qədər insana pay verib. Onun gözünün altı kimi qapqara olan səhiyyə sistemi bu gün də hələ tam özünə gələ bilmir.


Əli İnsanovun islah olunub-olunmamasından danışmaq fikrim yoxdur. Məncə, onun müayinəyə və müalicəyə ehtiyacı var. Uzun müddət həbsdə yatmış, bir Azərbaycandan çıxıb başqa bir Azərbaycana düşən bu zavallının beyni fantastik dəyişikliklərə dözə bilməzdi və bu da təbiidir. Adam xəstədi. Psixi sarsıntı keçirib. Ona görə də xəstə bir adamın potensial siyasətçi kimi perspektivi məni ciddi olaraq maraqlandırmır. Ona görə ki, onun gələcəyi yoxdur. Xəyanət etdiyi yolu nəzərə alsaq, deməli, keçmişi də. Bəlkə bu günü var və o gün də baxın, görün nə gündədi. Bəs onda mən niyə efir vaxtımızı bu lazımsız hesab etdiyim mövzuya ayırıram?


Çünki o, artıq itirməyə heç nəyi olmayan birisidir və çalışır ki, multikultural və bəşəri ideyaların daşıyıcısı tək özünü təsdiq etmiş bir ölkədə artıq çoxdan tarixə qovuşmuş regionçuluq, yerlibazlıq kimi mağara düşüncəsini geri qaytarsın. İnsanovun xortdaması ilə “Qərbi azərbaycanlı” söz birləşməsi də fəallaşdırılır. Bu isə əslində birləşmə yox, ayrılma, ayırmadır. Azərbaycanın qərbi, şərqi, şimalı, cənubu ola bilər. Azərbaycanlının yox. Bu bir separatçılıqır. Əli İnsanovun da yaxşı anladığı təhlükəli separatçılıq. Erməni separatçılarının əlinə oynayan keçmiş nazir reallığı bilmir. 


O hələ ki, içinin 2005-ci ilindədir. Bugünkü bəyanatları ilə hələ ki, həbsxanaya düşənədək içində saxladığı, o vaxta qədər açıq deyə bilmədiyi fikirləri ifadə edir. O zaman susmuş, içində saxlamış, üzdə Heydər Əliyev yoluna sədaqətli olduğunu imitasiya edərək, içində qiyamçı birisini gizlətmişdi. 2005-ci ildən içində qalanlar indi bayıra vurur. Amma ortada qalmır. Qayıdır elə 2005-ci ilə. O zaman boynuna almırdı. Tövbə edirdi. Özünü ən nifrətə layiq birisi adlandırırdı. İlham Əliyevdən üzr diləyirdi. “Bu mən deyiləm. Mən bu deyiləm!” deyə and-aman edirdi. Bu gün isə əslində hər şeyi boynuna alır. Geriyə möhlətlə. Və əgər kimsə bir zaman İnsanovun Əliyev yoluna xəyanət edə biləcəyinə şübhəylə yanaşırdısa, artıq bu gün o kimsə yoxdur. İnsanov qanunu geriyə işləyir. Və yalnız geriyə işləyir. Deməli, nə vaxtsa ona acıyan kəslərə belə imkan verir ki, təəssüflərini, acılamalarını geri götürsünlər. Gec də olsa ona verilən ittihamı aşkarcasına boynuna alır.


Amma həm də bu adama yazığım gəlir. Doğrudan da qarşımızda bir insanın faciəsi var. O insan və ya insanov itirdiyi illəri, günləri qaytara bilməməsinin acığını dövlətdən çıxır. Əlbəttə, ömrünün ən gur və gümrah vaxtını həbsdə keçirib. Ən yaxın adamlarının gözündən uzaq, ünsiyyətindən, təmasından iraq olub. Bir zamanlar onun ayağı altında kəsiləcək quzunun məhz qara olduğunu nazirə sübut üçün dərini saxlamağa borclu olan baş həkimlərin qəfil qırılmış ehtiramından 14 il əskik gəlir.


Sabiq nazir regionçu deyil guya, amma sürücüsünün bakılı, köməkçisinin isə tovuzlu olduğunu 26 ildir ki, yadında saxlayıb. Adam regionçu deyilmiş...


Uzun müddət təhsil naziri olmuş hörmətli Misir Mərdanovun Əli İnsanova ağsaqqalyana müraciətinin son iki cümləsini eşidək, xahiş edirəm.


Bu müraciətin son iki cümləsinə müdaxilə etmək istərdim. Hörmətli Misir müəllim, adam diz çökmək üçün gərək əvvəl ağzı üstə yıxıldığını anlasın, ayağa dura bilsin. Sonra diz çökmək olar. Əliyevin məzarı qarşısında çökülə biləcək diz yeri İnsanovun hətta qalxa biləcəyi yerdən də çox ucadadır.

 


Mir Şahin
Real TV-nin baş direktoru​

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top