"Əli İnsanov ermənilərin diktəsi altında Azərbaycandakı konstitusion quruluşu devirmək istəyir" — Deputat Elman Nəsirov

GÜNDƏM 04 may 2019, 16:11

"Əli İnsanovun "Amerikanın Səsi" radiosuna verdiyi son müsahibəsi ilə tanış oldum. Qənaətim odur ki, Əli İnsanov yaşının bu çağında Azərbaycan əleyhinə olan qüvvələrin, xüsusilə də erməni lobbisinin əlində sözün həqiqi mənasında alətə çevrilib. Onun söylədiyi fikirlər ermənilərin fikirləri ilə tamamilə üst-üstə düşür. Hətta mən deyərdim ki, Əli İnsanov belə halda ermənidən daha çox erməni olmağa iddialıdır. Onun fikirləri Ermənistanın keçmiş prezidentləri olan Robert Köçəryanın və Serj Sarkisyanın fikirləri ilə eynidir. Misal üçün, Köçəryan və Sarkisyana məxsus ifadə var idi ki, azərbaycanlılar və ermənilər bir-birlərinə uyğun gəlmədiyi üçün bir yerdə yaşaya bilməzlər. İndi Əli İnsanov da eyni fikirləri söyləyir".

 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib. 


Deputat deyib ki, Əli İnsanov Azərbaycanda anti-demokratik idarəçiliyin olması barədə səsləndirdiyi fikirlər tamamilə böhtandır:


"Bu yanaşma onu göstərir ki, Əli İnsanov ermənilərin diktəsi altında bu cür fikirlər söyləyir. Bununla da o ermənilərə xal qazandırır, onların yanında yer alır. Düşünürəm ki, Əli İnsanov bu yaşında müdrikləşməli idi. Amma biz bunun əksini gördük. Görünür ki, Əli İnsanov tamamilə qocalıb. Ona görə də özünü Uinston Çörçillə müqayisə edir. SSRİ-nin dağılması prosesi ilə Azərbaycan dövləti arasında paralellər aparır. Əli İnsanov bu cür davranışı ilə erməni dəyirmanına birbaşa su tökür. O, Azərbaycanı müstəqil dövlət kimi görmək istəmir. Əli İnsanov vaxtilə söyüb təhqir etdiyi anti-Azərbaycan qüvvələrinin yanında yer alıb. Əli İnsanov nazir olan vaxtı Qərbə, ABŞ və Avropa İttifaqına qarşı ən sərt fikirlər səsləndirən adam olub. Amma indi Əli İnsanov öz mövqeyini tamamilə dəyişib. Təbii ki, bunu da Azərbaycan xalqı yaxşı görür".


Elman Nəsirov qeyd edib ki, bu gün Əli İnsanov öz nəvələrini başına toplayıb, keçdiyi həyat yolundan və buraxdığı səhvlərdən danışmalı idi:


"O, öz nəvələrinə söyləməli idi ki, həyatda heç zaman yaxşılığı unutmayın, yaxşılığa yaxşılıqla cavab verin və sairə. Amma biz bunun əksinin şahidiyik. Əli İnsanov bu yaşında təxribatçılığa başlayıb. O, Azərbaycandakı konstitusion quruluşu devirmək istəyir, partiya yaradıb Azərbaycanda itaətsizlik yaratmaq və vətəndaş həmrəyliyini pozmaq istəyir. Əli İnsanov Azərbaycanda mövcud olan sabit və təhlükəsiz cəmiyyəti dağıtmaq, Azərbaycanda qarşıdurma yaratmaq istəyir. Bütün bunlar qəbuledilməzdir. Mən Əli İnsanova müraciət edirəm ki, bu əməllərindən əl çəksin, ilk növbədə xalqın qəzəbindən qorxsun. Çünki xalqın qəzəbi çox pis olur".


Zaur Hacılı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top