“Azərbaycanda daim dini tolerantlıq hökm sürür” — Prezident

GÜNDƏM 02 may 2019, 19:23

“Bu mötəbər Foruma dünyanın 100-dən çox ölkəsindən 500-dən çox nümayəndənin qatılıb”.


Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. 

Dövlətimizin başçısı Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü vurğuladı. 


Respublikamızda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini bildirdi. 


Dövlətimizin başçısı qeyd etdi ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir. 


Dövlətimizin başçısı vurğuladı ki, Bakıda keçirilən növbəti Forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadiləsi ümumi məqsədlərə xidmət edəcək. 


“Bakı Prosesi”nin BMT və digər mötəbər təşkilatlar tərəfində dəstəkləndiyini deyən prezident İlham Əliyev burada qəbul edilən qərarların əhəmiyyətdən danışdı. 


Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğuladı. 


Ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə toxunan dövlətimizin başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini dedi. 


Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söylədi. 


Dövlətimizin başçısı Forumun işinə uğurlar arzuladı və müzakirələrin səmərəli olacağına əminliyini ifadə etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top