"İlk növbədə aparıcıların səviyyəsi yüksəlməlidir" — "Xəzər TV"də vəzifə alan deputat

MARAQLI 29 apr 2019, 18:04

Televiziyada hər hansı bir veriliş açılanda Bədii Şuranın da mövqeyi öyrəniləcək.


Demokrat.az xəbər verir ki, bunu Yeniavaz.com-a Milli Məclisin deputatı Elman Nəsirov "Xəzər TV"nin Bədii Şurasının üzvü kimi göstərəciyi fəaliyyətindən danışarkən deyib.
 

Millət vəkili bu il martın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin bir qrup mədəniyyət işçisi ilə görüşdüyünü xatırladaraq bildirib ki, çox mühüm və əhəmiyyətli görüşüydü: 


"Açıq şəkildə aparılan müzakirələrdə səslənən fikirlərdən biri də vaxtilə fəaliyyət göstərmiş və özünü doğrultmuş bədii şuraların yenidən bərpa edilməsinə böyük ehtiyacın olması ilə bağlıydı. Çünki bir çox halda efirləri bayağı mahnılar, söhbətlər, qeyri-peşəkarlar tutmağa başlayır. Nəticədə bu, tamaşaçının mənəvi zövqünə oxşamır, cəmiyyətdə də belə verilişlər, telekanallar müəyyən mənada narazılıq doğurur. Bu məntiqlə çıxış edərək cənab Prezident də vurğuladı ki,  yaxşı ənənələr var və onları qorumaq, inkişaf etdirmək lazımdır . Görüşdə televiziyalarda bədii şuraların yenidən bərpa edilməsi və yeni reallıqları nəzərə almaqla fəaliyyət göstərməsi məqbul sayıldı. Televiziyalar bu istiqamətdə müvafiq addımlar atmağa başladılar".


Onun sözlərinə görə, Azərbaycanın informasiya məkanında "Xəzər TV" öz layiqli yerini tutur: 

"Telekanalın çox böyük tamaşaçı auditoriyası var. Bu televiziyadan da mənə dəvət gəldi. Dedilər ki, Bədii Şura yaradılır. Biz çox istərdik ki, siz siyasi elmlər doktoru, professor kimi öz töhfənizi verəsiniz. Televiziyada mənim ixtisasım üzrə məsələlərdə müəyyən mənada faydam ola bilər. Mən də bu təklifi məmnuniyyətlə qəbul etdim. 12 nəfərdən ibarət Bədii Şuranın tərkibində 5 millət vəkili var. Onlar da müxtəlif istiqamətləri təmsil edirlər. Eyni zamanda televiziya işçiləri var. Bədii Şuranın ilk toplantısı keçirildi. "Xəzər TV"nin prezidenti Şamxal Həsənli rəhbərliyi ilə ilk iclas keçirildi. İclasda çox açıq müzakirələr aparıldı. Ümumi yanaşma belə oldu ki, ilk növbədə aparıcıların səviyyəsi yüksəlməlidir. Onlar verilişlərdə bayağı ifadələr işlətməməlidir. Aparıcıların danışığı tamaşaçıların zövqünə oxşamalıdır. Televiziyanın ilk funksiyası məlumat yaymaqdır. Eyni zamanda o, çox ciddi maarifləndirmə funksiyasına malikdir. Üçüncü funksiyası isə əyləndirmədir. Telekanallar öz fəaliyyətlərində bu üç funksiyanı əsas götürməlidirlər".


E. Nəsirov hesab edir ki, televiziyalar yalnız reklam arxasınca qaçmamalıdırlar: 


"Bəzən telekanallarda şahid oluruq ki, neqativ xəbərlərin yayılmasında sanki xüsusi yarışa giriblər. Pozitiv məsələləri də paylaşmaq lazımdır. Uğurları yaymaq və təbliğ etmək lazımdır. Televiziyanın yarım saatlıq xəbərlər proqramında aparıcının hətta ən xoş xəbərləri həyəcanla, sanki yanğın və partlayış baş vermiş kimi təqdim etməsi doğru deyil. İlk növbədə uğurlarımızın təbliğinə ehtiyac var. Təəssüf ki, televiziyalar bəzən reklam və biznes naminə daha çox tamaşaçını cəlb edə biləcək neqativ məsələləri qaldırırlar. Daha çox ondan bəhs edirlər. Məsələn, avtomobilin qəzaya uğraması xəbəri 5-6 dəfə reklam edilir, ancaq göstərilmir, bir azdan eşidəcəksiniz, görəcəksiniz deyə təqdim olunur. Bu, hadisənin bayağı şəkildə yayılmasıdır və yaxşı hal deyil".


Deputat əlavə edib: "Biz şuranın üzvü olduğumuza görə telekanalda bütün sahələri izləyəcəyik, ancaq hərə öz sahəsində peşəkar mövqe nümayiş etdirə bilər. Mən telekanalda daha çox siyasi sahədə fəaliyyət göstərəcəyəm. Hesab edirəm ki, Bədii Şuranın yaradılmasından sonra "Xəzər TV"nin auditoriyası daha da genişlənəcək. Bundan udan həm televiziyadır, həm də tamaşaçıdır. Televiziyada hər hansı bir veriliş açılanda Bədii Şuranın da mövqeyi öyrəniləcək. Biz verilişin formatı və səmərəli olması ilə bağı öz tövsiyyələrimizi verəcəyik. Hesab edirəm ki, bizim bu məsələlərdə mövqeyimiz kifayət qədər həlledici olacaq.


Kimin telekanallara buraxılıb-buraxılmaması ilə bağlı Bədii Şuraya səlahiyyət verilməsi məsələsinə gəlincə, E.Nəsirov qeyd edib ki, bu məsələdə əsaslandırılmış mövqe olmalıdır: 

 

"Burada heç bir halda qərəzdən söhbət gedə bilməz. "Xəzər TV"nin Bədii Şurasının üzvləri hər biri öz sahəsinin mütəxəssisidir. Burada qərəzçiliyə yer yoxdur. Söhbət obyektiv münasibətdən, tamaşaçının zövqünü oxşamaqdan gedir. Əgər müğənni və ya aparıcı öz fəaliyyətində təkrarən səhvlərə yol verirsə, həmin səhvlər ictimai rezonans doğurursa, çox ciddi müzakirə predmetinə çevrilirsə, aparıcının efirdən uzaqlaşdırılması məsələsi gündəmə gələ bilər".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top