Deputatların Bədii Şurada nə işi var? — Qulu Məhərrəmli bədii şuraları dəb adlandırdı

GÜNDƏM 29 apr 2019, 17:41

"Bədii şuraların yaradılması kampaniyadır və dəbə çevrilib".


Demokrat.az xəbər verir ki, bunu Yeniavaz.com-a teletənqidçi, Əməkdar jurnalist Qulu Məhərrəmli telekanallarda bədii şuraların yaradılması və onların televiziyalara müsbət təsir imkanları barədə danışarkən deyib.
 

O, birinci növbədə Bədii Şuranın nə demək olduğuna açıqlıq gətirməyin vacibliyinə diqqət çəkib: 


"Bunu yaradan telekanallar nəyə əsaslanıb və şuranın nizamnaməsi, vəzifəsi nədən ibarətdir?  Bədii Şuranın görə biləcəyi işlər televiziyanın, struktur rəhbərlərinin , verilişə məsul olan şəxslərin vəzifəsindən nə ilə fərqlənir? Mənim düşüncəmə görə bu bir kampaniyadır və dəbdir. Özü də tamamilə formal bir şeydir. Telekanallar dəbə düşüb bir-birini yamsılayaraq şuralar yaradırlar. Bunun mənasını anlaya bilmirəm. Məni təəccübləndirən budur".
 

Q. Məhərrəmlinin sözlərinə görə, Bədii Şurada kimlərin təmsil olunması tamamilə şərti məsələlərdir: 


"Bədii Şura Azərbaycan Dövlət Televiziyası və Radio Verilişlərinin tərkibində olub. Bu Bədii Şura daha çox musiqi əsərlərinin qəbul olunması, fonda yazılması, o musiqi əsərlərinin bədii keyfiyyətinin yüksək olması ilə bağlı olub. Televiziya və radionun fondunda yazılacaq və ifa olunacaq bütün musiqi nömrələri, peşəkar musiqi əsərləri və simfonik əsərlər Bədii Şuradan keçirdi. Şuranın çox yüksək heyəti varıydı, Bəstəkarlar İttifaqı ilə birgə işləyirdilər. Bura Cahangir Cahangirov, Tofiq Quliyev daxiliydi. Kinostudiyada bu cür şuralar olub, filmi qəbul edəndə çox böyük sənət xadimləri və mədəniyyət adamları orada təmsil olunublar. Yəni bu, spesifik bir şeydir, hər hansı bir bədii yaradıcılıq məhsulu olan daha çox musiqi əsərlərinin qəbul olunması ilə bağlıdır".
 

Teletənqidçinin fikrincə, indi yaranan şuralar televiziya verilişlərinə kollegiyal nəzarəti reallaşdırmaq üçün nəzərdə tutulub: 


"Şuranın mexanizmləri nələrdir və üzvlərinin hansı hüquqları var, onlar televiziyalardan nə dərəcə asılıdır, yaxud televiziyada üst qurum sayılır? Ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı qəbul olunmuşdu. Proqramda göstərilmişdi ki, telekanallarda dil şuraları yaradılsın. Televiziyalar təcili hesabat verdilər ki, bizdə dil şuraları var. Sonradan məlum oldu ki, heç bir şura yoxdur, bunlar yalançı məlumatlardır, ictimaiyyəti aldatmaqla məşğuldurlar. Heç bir telekanalda Dil Şurası yoxdur. Bəlkə də 2-3 adama deyiblər bizim verilişlərə baxın".
 

O hesab edir ki, bu cür şuraların heç bir effekti yoxdur və olmayacaq: 


"Çünki bir işi yaradanda onun konkert məqsədi, dəqiq vəzifəsi, icra mexanizmi müəyyənləşdirilməlidir. Televiziyaların daim yaradıcılıq toplantıları olur. O toplantılarda şuranın görəcəyi işlər onsuz da müzakirə olunur. Ona görə bədii şuraların televiziyaların yayım siyasətinə, verilişlərin bədii estetik səviyyəsinə müsbət təsir edəcəyinə inanmıram. Şuralarda xeyli peşəkar adamlar, tanınmış mədəniyyət xadimləri var. Təsadüfi adamlar, o cümlədən də deputatlar da yer alıb. Onların orada nə işinin olduğunu müəyyənləşdirə bilmirəm. Bu şuraların işlərinin səmərəsini görmürəm. Bədii şuraların nə işlə məşğul olacağının dəqiq adı yoxdur. Hesab edirəm ki, bu, bir dalğadır və keçib gedir. Telekanallarda verilişlərin səviyyəsini qaldırmaq birinci növbədə televiziyada çalışanlardan, televiziya rəhbərlərindən, televiziyanı yönəldə bilən menecerlərdən, prodüserlərdən asılıdır.
 

Q. Məhərrəmli xatırladıb ki, televiziya və radio yayımı haqqında gözəl qanun var: 


"Orada verilişlərə qoyulan tələblər var. Mükəmməl və dünya standrtarı ilə səsləşən tələblərdir. Bu tələblər yerinə yetirilirmi? Yoxsa bədii şuralar musiqi və əyləncə verilişləri üçün yaradılır? Kollegiyal yanaşma üçün mexanizm hazırlayırsaq, bunu kifayət qədər dəqiq və effektiv etməliyik. Yoxsa biz arabaya beşinci təkər qoyuruqsaq, arabanın hərəkətinə ciddi şəkildə mane olacağıq. Ona görə bədii şuraların yaradılmasına və bu şəkildə təbliğ olunmasına keçici an kimi baxıram. Bədii şuraların bu televiziyaların və verilişlərin yaxşılaşmasında rol oynayacağına inanmıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top