"Aydın Hüseynov tamamilə yanlış mövqedədir" — Deputat limit məsələsilə bağlı həmkarını QINADI

GÜNDƏM 29 apr 2019, 15:41

Xəbər verdiyimiz kimi, deputat Fəzail Ağamalı qaz və elektrik enerjisinə qoyulan limitin ləğvini zəruri edən səbəblərdən yazıb. Deputatın müəllif məqaləsində  “Etiraf edim ki, müzakirələrdə iştirak edən peşəkar iqtisadçılarımızın və millət vəkillərinin mütləq əksəriyyəti haqlı olaraq limitin ləğv olunmasının tərəfdarıdır. Deputat Fazil Mustafa və Vahid Əhmədov istisna olunmaqla” fikirləri ilə adı keçən hər iki həmkarı razılaşmayıb. Və F.Ağamalının fikirlərini populist çıxış adlandırıblar.


Demokrat.az xəbər verir ki, bununla bağlı “Yeni Sabah”a açıqlama verən deputat Fəzail Ağamalı hər iki həmkarına hörmət etdiyini vurğulayıb:


“Fərqli fikirlər ola bilər, normaldır. Ancaq düşüncələrimi  Fazil Mustafa populist çıxış adlandırıb. Görünür ki, o, mənim müəllif yazımı oxumayıb. Əgər oxusaydı, görərdi ki, fikirlərim konkret, sadə izahlarla arqumentləşdirilib. Bu arqumentlər təxəyyülümün məhsulu deyil. Araşdırmalar, apardığım sorğular və digər mənbələrdən əldə etdiyim faktların üzərində dayanaraq  fikrimi əsaslandırmağa çalışmışam. 


Burda populizmdən söhbət gedə bilməz. Həm də mən çoxlarından fərqli olaraq siyasətdə faəliyyətimi heç zaman populizm üzərində qurmamışam və bundan sonra da qurmaq niyyətində deyiləm. Əgər hörmətli Fazil Mustafa mənim bütün siyasi fəaliyyətimi, yazılarımı, çıxışlarımı diqqətlə izləsəydi, güman edirəm ki, bu fikri söyləməzdi. Hər halda bir daha deyirəm, mənə elə gəlir, Azərbaycanda təbii qazın və elektrik enerjisinin limitinin ləğvinə ciddi ehtiyac var. 


Dünən Fazil Mustafa bu mövzu ilə bağlı canlı debata çıxmışdı və mən də izləyirdim. Ona limitlə əlaqəli verilən suallara təbii ki, özünəməxsus cavablar verdi. Mən onun fikirləri ilə razı deyiləm. Düşünürəm ki, bu, müəyyən dərəcədə dozalı təklifdir. İndi bunu edək, 2-3 aydan sonra baxaq görək nolur. Sadəcə bunu araşdırıb ortaya fakt qoymaq lazımdır ki, həqiqətən təbii qaza, elektrik enerjisinə limitin qoyulması və qiymətinin artırılması əhalimizin, xüsusilə aztəminatlı insanlarımızın büdcəsinə xeyli dərəcədə problemlər yaradır”.


F.Ağamalı həmçinin müəllif yazısında qaz və işıq limitinin ləğvinə qarşı çıxan digər həmkarı Aydın Hüseynovun adını qeyd etməməsindən də danışıb:


“Haqlısınız, Aydın Hüseynovun da adını qeyd etmək olardı. Sadəcə olaraq unutdum. Aydın Hüseynov tamamilə yanlış mövqedədir. İqtisadçıdan bu cür fikirlər eşitmək təəssüf doğurur. Onun fikrinə nisbətən Fazil Mustafa və Vahid Əhmədovun fikirləri daha mütərəqqidir. Ona görə də Aydın Hüseynovun düşüncələri ilə heç cür razılaşmaq olmaz. 


Bilirsiniz, ölkə prezidentinin xüsusi tapşırığı əsasında Energetika nazirliyində İşçi Qrupu yaradılıb. Bu qrup hazırda təbii qazın və elektrik enerjisinin qiymətləri ilə əlaqəli ciddi araşdırmalar aparır. İşçi Qrupunun aparmış olduğu araşdırmalar şübhəsiz ki, Azərbaycan xalqının maraqlarına və ölkə prezidentinin həyata keçirdiyi dərin iqtisadi islahatların mahiyyəti ilə tamamilə uyğunlaşacaq. 


Xatırlayırsınızsa, ilk dəfə hökumətin hesabatında bu məsələnin üzərində dayandım, fikrimi də əsaslandırdım. Bir daha təkrar edirəm. Təbii qazın və elektrik enerjisinin qiymətlərinin indiki səviyyədə saxlanması xalqımızın durumu ilə üst-üstə düşmür. Gözləyək görək, İşçi Qrupu hansı nəticə çıxaracaq, Tarif Şurasına necə müraciət edəcək. Hər halda mən əmin olmaq istəyərdim ki, Tarif Şurası və İşçi Qrupu hər zamankı kimi xalqımızın maraqlarına uyğun addım atacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top