"İlham Əliyevin iqtisadi strategiyası ilə Çinin irəli sürdüyü ideya tam uzlaşır"

Cənab prezidentin Çinə səfəri Azərbaycan adına çox önəmli addımdır.

 

Demokrat.Az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

 

Millət vəkili qeyd edib ki, səfər çərçivəsində 821 milyon dollar həcmində müqavilələr imzalanıb: "Çinlə Azərbaycan arasındakı iqtisadi əlaqələr və ticarət dövriyyəmiz daha da genişlənəcək. Bildiyiniz kimi artıq Çin şirkətləri ölkəmizə maraq göstərirlər. Bu maraq qüvvəyə minən ikitərəfli müqavilələrdə də özünü biruzə verir. Sumqayıtda, Kürdəmirdə Çin şirkətləri tərəfindən istixanaların tikilib fəaliyyət göstərməsi, eləcə də turizm, informasiya-kommunikasiya texnologiyaları ilə bağlı prioritet istiqamətlərdə gələcək layihələrimiz var. Cənab prezidentin Çindəki beynəlxalq tədbirlərdə iştirakı çox önəmli idi. Çünki “Bir yol, bir kəmər” layihəsini Azərbaycan tamamlayır. Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Xəzər dənizi vasitəsilə yük daşınmasının həyata keçirilməsi istiqamətində ölkəmiz çox böyük işlər görür. İl ərzində 15 milyon, gələcəkdə isə 25 milyon ton yükdaşıma potensialına malik gəmilərimiz var. Cənab prezidentin 2015-ci ildəki səfəri zamanı da bu ideya ilə bağlı qarşılıqlı fikir mübadilələri olmuşdu. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiya ilə Çin tərəfindən irəli sürülən ideya tam uzlaşır. Ölkədə aparılan iqtisadi strategiyanın ən başlıca istiqamətlərindən biri də ölkə iqtisadiyyatının qeyri-neft sektorunu daha da inkişaf etdirməsi, bu sahədə ən böyük nailiyyətlərimiz nəqliyyat infrastrukturlarının formalaşdırılmasında oldu. Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də avtomagistrallarımız, su nəqliyyatındakı böyük imkanlarımız indi və gələcəkdə qeyri-neft sektoru istiqamətində həyata keçirdiyimiz ən böyük layihələrdir ki, bu da zaman-zaman Azərbaycana böyük iqtisadi sərmayələr gətirəcək. Digər tərəfdən artıq ölkə iqtisadiyyatındakı maddi artım, yol və enerji infrastrukturlarının irəliləməsi ölkəmizi enerji ixrac edən dövlətə çevirib. Valyuta ehtiyatlarımız artıb. Artıq ölkənin 46 milyarda yaxın valyutası var. Ölkənin xarici borcu ümumi daxili məhsulun 20 faizini təşkil edir. Yaxın gələcəkdə bu göstərici daha da aşağı düşəcək. Ölkənin müstəqil siyasət yeritməsi üçün çox mühüm amildir ki, xarici borcumuz ümumi daxili məhsulun çox az hissəsini təşkil edir. Digər böyük layihələr də ölkə başçısının siyasi qətiyyəti və düzgün xarici siyasətinin nəticəsidir. Azərbaycanın iqtisadiyyatındakı tərəqqiyə xarici dövlətlər də müsbət reaksiya göstərir. Bu da ölkəyə investisiya axımını sürətləndirir".

 

Millət vəkili əlavə edib ki, Azərbayvanın parlaq iqtisadi uğurlarını əsaslandıran əsas şərtlərdən biri də ölkədə hökm sürən stabillikdir.

28 Aprel 2019, 18:09   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin