“Dəfələrlə üzr istədik, dəyən zərər ödəniləcək” - Nazir oğlu “lyuk” olayından danışdı

GÜNDƏM 28 apr 2019, 17:22

"Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov kanalizasiya lyukunun qoparaq britaniyalı pilot Corc Rasselin bolidinə zərər yetirməsi olayından danışıb.

 

Jurnalistlərlə görüş zamanı Rəhimov bildirib ki, "Uilyams” komandasına dəyən zərər mərhələ təşkilatçısının sığortası hesabına ödəniləcək:

 

"Bizdə küçə trasıdır. Bu səbəbdən də orada 300-dən çox lyuk var. Biz bütün lyukları bərkitmişdik və yarışlar başlamazdan bir neçə gün öncə hər birini yoxlamışdıq. İndiki halda problemi ilk baxışdan görmək mümkün deyildi. Problem aşağı hissədən qaynaqlanmışdı – lyuku saxlayan qarmaqlar paslanmışdı. Buna görə də "Uilyams” komandasının başına belə bir bəla gəldi. 

 
Lakin bu kimi hallar baş verir və bunu ilk biz yaşamırıq. Oxşar hadisə Monakoda, Çində və Malayziyada da olub, yəni nəinki şəhər, hətta stasionar traslarda da baş verə bilir. Biz dəfələrlə "Uilyams” komandasından üzr istədik. Komandaya dəyən ziyan sığorta hesabına ödəniləcək. Hələlik hansı məbləğdən söhbət getdiyini bilmirik, lakin o, dəqiq ödəniləcək”. 

 

Rəhimov bildirib ki, hadisədən sonra bütün lyuklar bir daha yoxlanılıb, təşkilatçılar analoji hadisənin təkrar baş verməməsi üçün bütün tədbirləri görüblər:

 

"Bu olaydan sonra biz hər lyuku dörd dəfə yoxladıq. 100 faizlik təminat, yəqin ki, heç nədə mümkün deyil, lakin biz 99,9 faiz zəmanət veririk. Bir daha belə bir şey baş verməyəcək”. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top