“Ən vacibi təmiz əldir” — Eldar Əzizovdan RÜŞVƏT XƏBƏRDARLIĞI

MARAQLI 24 apr 2019, 12:38

Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. 


Demokrat.az xəbər verir ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, hər hansı korrupsiya hallarına və pozuntulara yol verməməli, dövlət büdcəsindən səmərəli, düzgün  istifadə etməli, ən vacibi isə  bütün işlərini “təmiz əllərlə” görməlidir.


İcra hakimiyyətinin başçısı hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edib, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüququ mühafizə orqanlarına müraciət ediləcəyini bildirib.


Struktura daxil olan xidmətlərin işlərindən danışan Eldar Əzizov qeyd edib ki, ölkə başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq sərəncamının icrası məqsədi ilə Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir. 


O, liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməsinin vacibliyini vurğulayıb və şəffaflığın təminatı üçün gələcəkdə bütün müqavilələrin və alınan malların qiymətlərinin ictimaiyyətə açıqlanacağını bildirib. Məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda yol verilən bəzi neqativ hallara toxunan icra başçısı bu ilin sonuna kimi bağçalarda elektron qəbul formasına keçiddən sonra bu sahədə də şəffalığın təmin ediləcəyinə  əmin olduğunu qeyd edib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top