Elinanın anası: "İki min manat istədi, bizim də o qədər pulumuz yoxdur"

GÜNDƏM 23 apr 2019, 00:10

162 saylı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın ailəsinin vəkillə müqavilə bağlamağa maddi imkanı olmadığından, sosial şəbəkələrdə bu məqsədlə yardım göstərilməsi üçün paylaşımlar yayılmışdı.


Bizimyol.info xəbər verir ki, Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov aprelin 22-də bir neçə vəkilin bu işə qoşulub, ailəyə könüllü şəkildə hüquqi yardım göstərməyə hazır olduğunu bildirib. A.Bağırov həmin vəkillərin adlarını da açıqlayıb – Sevinc Əliyeva, Azər Nağıyev, Emin İsayev.

Anar Bağırov

Anar Bağırov


A.Bağırov bildirir ki, ailənin vəkil üçün maddi dəstəyə ehtiyacı haqda məqaləni oxuyandan dərhal sonra özü Elinanın anası Sevil Hüseynovanın telefonunu axtarıb tapıb, onunla əlaqə saxlayıb, onları vəkillə təmin etməyə hazır olduqlarını çatdırıb.


Ailə hələlik Vəkillər Kollegiyası rəhbərliyinin təklifinə konkret cavab verməyib. Sevil Hüseynova Bizimyol.info-ya açıqlamasında bildirib ki, bir müddət əvvəl vəkillə danışıb razılaşmışdılar. Həmin vəkil əvvəlcə onlara pulsuz hüquqi yardım göstərəcəyini desə də, sonradan pul istəyib: “Bizdən iki min pul istədi. Dedi ki, iki minə qədər xərc çıxacaq. Bizim də o qədər pulumuz yoxdur. Həm də bu iş prezidentin nəzarətindədir. Ona görə imtina elədim”.


S.Hüseynova bildirib ki, vəkil üçün maddi yardım məsələsi sosial şəbəkələrdə yayılandan sonra Təranə Əliyeva adlı vəkil gələrək, onlara təmənnasız hüquqi yardım göstərəcəyini deyib: “Hələ qəti qərar verməmişik, amma çox güman ki, vəkilimiz Təranə Əliyeva olacaq”.


E.Hacıyeva aprelin 6-da xəstəxanada dünyasını dəyişib. Onun ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hadisədən sonra 162 saylı məktəbin direktoru Sevinc Abbasova, direktor müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və psixoloq Könül Ağayeva işdən çıxarılıb. Daha sonra Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Amma o, həbs olunmayıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top