"Xəstə cəmiyyət sağlam futbolçu yetişdirə bilməz" — Aqşin Yenisey

MÜSAHİBƏ 22 apr 2019, 23:23

Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələr davam edir. 

 
Bu dəfə şair Aqşin Yenisey futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.


- Futbol sizin üçün nə deməkdir? 


- Bizim nəslin futbol yaşları Azərbaycanın təlatümlü dövrlərinə rast gəldi. Qarabağ müharibəsi, köhnə siyasi, iqtisadi sistemin çöküşü, ölkənin paytaxtından gələn terror xəbərləri, kütləvi ümidsizlik, aclıq təhlükəsi, bir sözlə, xalqın həyatla əlbəyaxa olduğu dövrlər. Ona görə bizim istəklərimizlə maraqlanan olmadı. Mən uşaq vaxtı həqiqi topu həqiqi zürafə kimi ancaq televizorda görürdüm. Bizim kəndin uşaqları Afrika qəbiləsinin uşaqları kimi top oynamaq istəyəndə öz fantaziyalarını işə salırdılar. Ya texniki avadanlıqların içindən yuvarlaq, kauçuk bir əşya, məsələn, avtomobillərin motor hissəsində olan yağqabı kimi bir şey tapıb atırdılar ortalığa, ya da əski-üsküdən əyri-üyrü bir top düzəldirdilər. Hətta dəridən ilk qədim topu tikdiyimiz də yadıma gəlir. Bütün bunları xatırlayanda, ilk növbədə, futbol mənim üçün kədərli olduğu qədər maraqlı olan uşaqlıq yaddaşı deməkdir. O yaddaş ki, onu işə salanda kosmosu fəth etmiş böyük bir imperiyanın dağılmasını və yerində necə yoxsul, ac-yalavac məmləkətlərin, xalqların qaldığını xatırlayırsan. O yaddaş ki, bir balaca əl gəzdirsən, tarixin özünə çevrilər. Ciddi futbola gəlincə, məncə, artıq o, dünya siyasətinin kripto davamıdır.   
  
   
- Hansısa kluba azarkeşlik edirsiniz?


- Mən həmişə futbolda oyun estetikasına tamaşa etmişəm. Türkiyə və Azərbaycan komandalarından başqa dünyanın digər komandalarının oyununda kimin udub, kimin uduzduğu məni heç vaxt maraqlandırmayıb. Estetik oyun baxımından, yəqin ki, topsevərlər mənimlə razılaşar ki, ilk yerdə Latın Amerikası futbolu dayanır, sonra Avropa futbolu gəlir. Avropa futboluna da bəzən oyun koloritini yeni qitədən transfer olunmuş oyuncular gətirirlər. İndiyə kimi oyun estetikasına heyranlıqla baxdığım komanda "Barselona”dır. Amma məni sadiq azarkeş, yaxud yaxşı mənada "futbol xəstəsi” adlandırmaq olmaz. Prinsipial oyunları çıxmaq şərtilə, futbola, ancaq televizorda qarşıma çıxanda, yaxud efirdə baxmağa heç bir şey tapmayanda baxıram. Tələbə vaxtı bir neçə dəfə stadiona getdiyim də olub. Buna baxmayaraq, məni futbola biganə biri də hesab etmək olmaz. Futbol artıq bir idman növü olmaqdan çıxaraq dünya siyasətinin tərkib hissəsinə çevrilib. İrlandiyanı İngiltərənin tərkibində saxlamaq, Kataloniyanı İspaniyadan ayırmaq istəyən bir gücdür futbol. 
 


İkincisi, hər bir milli komanda öz cəmiyyətinin güzgüsüdür. Siz milli futbol komandasının oyununa baxıb yaşadığınız cəmiyyətin uğurlarını və qüsurlarını çox aydın müşahidə edə bilərsiniz. Milli komandanın oyunu bizə öz xalqımızın psixoanalizini aparmaq üçün əyani imkanlar verir. Bir cəmiyyətin istər diplomatiyada, istər ticarətdə oyun qaydalarını nə qədər mənimsədiyi o cəmiyyətin futbolunda da öz əksini tapır. İngiltərədə futbolun və diplomatiyanın yaranma tarixi, aşağı-yuxarı eynidir. Dünya oynamağı ingilislərdən öyrənib. Demək istədiyim odur ki, mən futbola 60x100 metrlik sahədə baş verən idman hadisəsi kimi baxmıram, mənə maraqlı olan futbol ətrafındakı kripto oyunlardır.    
 

- Sonuncu dəfə nə vaxt və hansı matçı seyr etmisiniz?


- Son vaxtlar "Traktor Sazi”nin oyunları ilə maraqlanıram. Dediyim kimi, bu dəqiqə əsl kriptofutbol bu komandanın oyunlarında və ətrafında baş verir. Emosional baxımdan komandanın və azarkeşlərinin vəziyyətinə söz ola bilməz. Məni maraqlandıran bu emosiyaların, bu coşqunun ağılla idarə olunub-oluna bilməyəcəyi məsləsidir. "Traktor Sazi”nin gələcəyi bu xalqın ağlının səviyyəsini göstərəcək. Bizim hiss, duyğu, emosiya baxımından heç vaxt korluğumuz olmayıb, biz həmişə ağıl korluğu, zəka qıtlığı çəkmişik. Ağıllı strategiya seçilsə, "Traktor Sazi” təbrizlilər üçün Kataloniyanın "Barselona”sı ola və bütün Cənubi Azərbaycanı öz oyun meydançasına çevirə bilər.   
 

- Bəs ölkə çempionatı haqqında nə düşünürsünüz? Komandalarımızın oyunlarını izləyirsiniz?


- Ancaq ölkədən kənarda oynayanda. "Qarabağ”ın son dövrlər Avropada oynadığı oyunların, demək olar ki, hamısına baxdım. Yaxşı təcrübə idi. Milli duyğuları həmişə diri saxlamaq üçün futbol əvəzsiz idman növüdür. Cənubi Azərbaycanda "Traktor Sazi”nin oyunlarına olan marağın nümunəsində bu daha aydın görünür. Məncə, "Qarabağ” yaxşı başlanğıcdır. Dünyanın yaşıl sahələrində mütləq bir azərbaycanlı heyət oynamalıdır, hətta təsadüfi qələbələr qazansa belə. Və biz buna yalnız futbol maraqları çərçivəsində baxmamalıyıq, uduzanda oyuncuları fitə basmamalıyıq. Biz bu gün dünya futbolu oynaya bilmərik, bundan ötrü nə fiziki, nə psixoloji imkanlarımız var. Amma oynaya-oynaya bu imkanları qazana bilərik. Fitə basanlar "toyuq korluğundan” əziyyət çəkən adamlardır, onları bu gün maraqlandırır, onlar üçün sabah Allaha məxsusdur. Bu yanaşma müstəmləkə şuurunun qalığıdır. Ona görə mən "Qarabağ”ı, bütün oyunları uduzsa belə, həmişə Avropa meydanlarında görmək istəyirəm. Bu, bir prinsip, bir inad məsələsi olmalıdır.  


- Azərbaycan futbolunun əsas problemini nədə görürsünüz?


- Bayaq dediyim kimi futbol mənsub olduğu cəmiyyətin güzgüsüdür. Azərbaycan cəmiyyətində hansı problemlər varsa, futbolunda da eynisi var. Futbolu cəmiyyətdən ayırıb tənqid etmək doğru deyil. Cəmiyyətimizdə qohumbazlıq, tayfabazlıq var, eynisi futbolumuzda da var. Cəmiyyətimizdə "çak-çuk” qoçaqlığı var, eynisi futbolumuzda da var. Cəmiyyətimizdə 5-10 manat qazanandan sonra qudurğanlıq, xuliqanlıq var, eynisi futbolumuzda da var. Gəlin fikirimi daha geniş mənada izah edim. Bütün dünya Uqandanın keçmiş rəhbəri İdi Amini qəddar diktator adlandırır, amma bütün dünya da etiraf edir ki, İdi Amindən sonra Uqanda da hakimiyyətə gələn demokratlar da gec-tez kiçik çaplı İdi Aminlər olmağa məcbur oldular. Nə məcbur etdi onları? Xalqın milli şüuru, dünya ilə ayaqlaşmaq istəyib-istəməmək həvəsi, mütəmləkəçilik dövründə ingilislərin əlinə baxan uqandalılarda ələbaxanlığın şərti refleks halını alması və uqandalıların buna normal baxması. Bu, bir xalqın, cəmiyyətin fəlakətidir. Orada İsa peyğəmbəri də rəhbər seçsən, xalqın davranışları onu da gec-tez İdi Aminə çevirəcək. Bu fəlakətin əlamətləri o cəmiyyətin hər bir fəaliyyət növündə özünü göstərir, həmçinin futbolunda da. Ona görə düşünürəm ki, futboldan əvvəl Azərbaycan cəmiyyəti sağlamlaşmalıdır. Xəstə cəmiyyət sağlam məmur, həkim, şair yetişdirə bilmədiyi kimi, sağlam futbolçu da  yetişdirə bilməz. 
 

 
- Futbolla bağlı bizimlə paylaşa biləcəyiniz xatirəniz varmi?


- İndiyədək unutmadığım bir əhvalatı danışım. Mənim uşaqlığım və yeniyetməliyim imperiya dönəminin, gəncliyim müstəqillik illərinin ən ağır vaxtlarına düşdü, qocalığımı da şəxsi həyatım üçün əhəmiyyətli dövr hesab etmirəm. Həyatımda əvvəldən axıra qədər ilk izlədiyim oyun da sovet vaxtı gecə saat 1-2 arası yayımlanan dünya yığması ilə Brazilya yığmasının oyunu olub. O oyunda Ponomaryov familyalı bir sovet futbolçusu da oynayırdı. Atam və əmilərim o oyuncunun işığına yığışmışdılar kənddə. Mən uşaq idim, gecənin bir aləmi hardan gəlib onların arasına düşmüşdüm, indi xatırlamıram. Ancaq xatırlayıram ki, mən o vaxt uşaq ağlımla Braziliya yığmasının iddiasına heyran qalmışdım. Dünya yığmasını duelə çağırmışdılar. Düzdü, səhv etmirəmsə, o oyunda Braziliya 2-0 dünyaya uduzdu. Amma Dünyaya uduzdu. Bu, möhtəşəm bir məğlubiyyət idi. Bayaq "Qarabağ” haqqında danışanda da bunu demək istəyirdim, gərək iddian böyük olsun ki, uduzanda da öz məğlubiyyətinlə qürur duya biləsən.  

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top