“Paşinyan ölkənin həqiqi baş naziri ola bilməyib” — Erməni müxalifəti

Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə müsahibəsində ölkənin hazırkı Nazirlər Kabinetinin feyk-hökumət olduğunu bəyan edib.


Demokrat.az erməni KİV-nə istinadla xəbər verir ki, müxalifət liderinin sözlərinə görə, Nikol Paşinyan hələ də “inqilab şinelini çıxarmayıb” və özünü baş nazir kimi aparmır.


“Sputnik-Armenia” mətbuat mərkəzində brifinq keçirən E.Şarmazanov qeyd edib ki, Ermənistanda ötən ilin aprelində şantaj və təhdid yolu ilə dövlət çevrilişi baş verib. Artıq bir ildir fəaliyyət göstərən yeni hökumətin başçısı isə adekvat davranış nümayiş etdirmir. O əlavə edib: 


“İndi ölkədə hökumət deyil, Nikol Paşinyanın rəhbərlik etdiyi inqilab komitəsi mövcuddur”.


Şarmazanovun sözlərinə görə, həqiqi hökumət başçısı əvvəlki hakimiyyətin nailiyyətlərindən istifadə edərək Ermənistanda quruculuq işləri aparmalı idi. Lakin yeni hökumət əldə olunmuş uğurların məhv edilməsi yolunu tutub. O xatırladıb ki, Paşinyan əlində “sehrli çubuq” olduğunu deyirdi və əhaliyə iqtisadiyyatda sıçrayışlar, iqtisadi inqilab vəd edirdi. Lakin iqtisadi inkişaf təkamül yolu ilə olmalıdır. Hökumətin planlaşdırdığı 4,9 faizlik iqtisadi artımla sıçrayışa nail olmaq mümkün deyil.


Təhlükəsizlik məsələsinə gəldikdə, siyasətçi Paşinyanın İranda xarici ölkələrin agentləri ilə bağlı verdiyi bəyanatı xatırladıb. Onun sözlərinə görə, bir ay keçməsinə baxmayaraq, hüquq-mühafizə orqanları bu məsələyə aydınlıq gətirməyib. İstintaq orqanları Paşinyanın kimi nəzərdə tutduğunu da müəyyən etməyib. Baş nazir özü də agentlərin adlarını açıqlamayıb.


Müxalifət lideri qeyd edib ki, əvvəlki hökuməti israfçılıqda ittiham edən baş nazirin Vətəndaş Gününün qeyd olunmasına böyük məbləğdə vəsait ayırması da hökumətin sözü ilə əməlinin ziddiyyət təşkil etdiyini göstərir.(Azərtac)

19 Aprel 2019, 20:55   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin