Ermənilər və Azərbaycanlılar qarşılıqlı səfərlər edəcəklər - RƏSMİ

SİYASƏT 15 apr 2019, 20:58

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü barədə məlumat yayıb.


Demokrat.az xəbər verir ki, açıqlamada deyilir:


“Bu ilin aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. 


Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak ediblər.


Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, cari ilin martın 29-da Vyanada baş tutmuş Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin görüşünün nəticələri nəzərə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.


Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.


Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar.

 

Image result for Russia mfa


Görüş nəticəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyanatı qəbul edilib”, – XİN-dən bildirilib.


Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında aprelin 15-də Moskvada baş tutan görüşün yekunları ilə bağlı bəyanat yayıb.


“Report” Rusiya XİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, S.Lavrov və ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə regionda davamlı sülhün əldə olunmasına yönəlmiş vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər.


“Tərəflər münaqişə zonasında, o cümlədən kənd təsərrüfatı işləri görülən zaman vəziyyətin daha da sabitləşməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Onlar həmçinin tərəflərin ərazisində həbsdə olan şəxslərin qohumlarının onlara baş çəkməsi üzrə qarşılıqlı əsasda tədbirlər görülməsi üçün razılığa gəliblər. Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlar arasında əlaqələrin qurulması üzrə praktiki işlərə başlamağa dair razılıqlarını bildiriblər”, – bəyanatda qeyd olunub.


Görüş iştirakçıları həmçinin yaxın gələcəkdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top