"Jurnalistlər olmasaydı, günahkarlar cəzasız qalacaqdı" - Elina hadisəsinin TƏHLİLİ

TƏHLİL 15 apr 2019, 18:20

Səbail rayonunda yerləşən 162 saylı məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intihar etməsi cəmiyyətə ciddi bir siqnal oldu. 

 

Təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə açıqlamasında bu hadisədə kimlərin və nə qədər günahkar olduğunu təhlil edib:

 

1. Qızın anası, ona görə ki, indi bir çox analar kimi övladları ilə vaxt keçirmir, dinləmir. İndi gənc analar əllərində telefon tutduğu qədər uşaqlarının əlindən tutmurlar, sosial şəbəkələrdə vaxt keçirdikləri qədər övladları ilə vaxt keçirmirlər, başqalarının problemlərini müzakirə etdikləri qədər öz övladlarının problemini dinləmirlər.

 

Bu gün uşaqlar kifayət qədər çox informasiya əldə edirlər: sosial şəbəkələrdə, tv-lərdə, saytlarda, küçədə, məktəbdə və s. Əgər onların əldə etdiyi informasiyada onlara doğru yolu göstərməsək onlar yalnış yola gedəcək. Valideynlik uşaqlara yemək vermək, geyindirməklə bitmir. Ona sevgini, vaxtını verməlisən, onu dinləməlisən. Amma Elina bundan məhrum idi. Biz elə düşünürük ki, uşaqlar özü böyüyə bilər, yox, onlar fiziki olaraq böyüyə bilər, amma mənəvi cəhətdən tam olmurlar. 

 

Təəssüflər olsun ki, bu gün məktəbə, müəllimə övladına görə hücum edənlər əslində heçdə özləri lazımı qədər övladına vaxt ayırmır, onlar bunu məktəbdən, müəllimdən gözləyirlər. Düzdür, onlar bunu etməlidirlər, lakin, qonşuya ümidi olan şamsız qalar...

 

2. 162 saylı orta məktəbin direktoru - bəli, o da ölkədə fəaliyyət göstərən 4500 orta məktəbin çoxsayda direktoru kimi ancaq bir məqsəd üçün çalışır, özünün maddi vəziyyətini düzəltmək, özünün hegemonluğunu möhkəmləndirmək. Bu gün təhsili, məktəbi nüfuzdan salan elə orada çalışanlardır. Çünki onlar üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər. Məktəbin direktoru tabeliyində olan bütün şagirdləri tanımalı, onlar haqqında məlumata malik olamalıdır. Amma biz belə bir direktoru ancaq Türkiyədə görə bilərik. 

 

Hadisə baş verəndən sonra belə məktəb direktoru təhsili, məktəbi, şagirdi qorumağa çalışmadı öz vəzifəsini qorumağa çalışdı. Mübarizəsi ancaq özünün kreslosunu qorumaq idi. Nə olursa olsun, "Günah ancaq öləndədir" prinsipini rəhbər tutaraq hətta ölənin arxasınca, bu ölən azyaşlı qız uşağı olmasına baxmayaraq, ən iyrənc addımları belə atdı.

 

Baş verən hadisələ əslində bütün direktorlara dərs olmalıdır ki, şagirdlər onlar üçün təkcə gəlir mənbəyi deyil, onlardan ancaq qazanc əldə etmək olmaz, həm də onlara görə vəzifəni, azadlığını belə itirə bilərsən. İnsanlar sizə övladlarını etibar edir, əmanət edir, əmanətə xəyanət etmək olmaz!

 

3. Məktəbin direktor müavini günahkardır, çünki şagirdlərlə işi düzgün qurulmayıb. O şagirdlərlə maraqlanmalı, dinləməli idi. Amma onlar neynirlər? Dərs saatlarını satırlar, sinif rəhbərlərindən pul yığırlar. 

 

4. Sinif rəhbəri günahkardır. Çünki o rəhbəri olduğu sinifi beş barmağı kimi tanımalı, bilməli idi və mütəmadi olaraq onlarla fərdi qaydada işləməli idi. Bu gün sinif rəhbərləri ancaq bayramlar üçün pul yığmaq, dərsə gəlməyən şagirdlərdən, qiyməti aşağı olan şagirdlərdən aylıq pul yığmaqla məşğuldurlar. 

 

5. Məktəbin psixoloqu günahkardır. Çünki o şagird barədə məlumata malik deyil. Bu əslində orta məktəblərdə psixoloq xidməti göstərən hər kəsə aiddir. Onlar ancaq əmək haqqı davası edirlər. Deyirlər ki, əmək haqqımız azdır. Sizin əmək haqqınız azdır deyə, camaatın balası ölməlidir? 


Şagirdlər arasında psixoloji test tapşırıqları keçirmək lazımdır, onlara psixoloji dəstək vermək lazımdır. Yoxsa sizə problemini deyən şagirdi direktora, valideynə xəbərlərəmək lazım deyil. 

 

Bəli, orta məktəblərdə şagird müəllim, şagird direktor, şagird psixoloq münasibətləri pozulub. Bu gün orta məktəbdə ayaqyolunda, məktəbin tinində siqaret çəkən nə qədər şagird var, üzərində bıçaq gəzdirən nə qədər şagird var. Amma onlarla bağlı heç bir fəaliyyət yoxdur. Məktəblərin yaxınlığında ət kəsimi yerləri, kafelər, çayxanalar, internet klublar var. Onların hər biri şagirdlərə təsir göstərir.

 

6. Təhsil Nazirliyi günahkardır. Çünki onlar məktəblərdən daxil olan şikayətləri araşdırmırlar. Ümumiyyətlə təhsil nazirliyi vətəndaş müraciətlərinə baxmır. İndi də yeni "Qaynar xətt" xidməti yaratmaq istəyirlər. Yenisini yaratmağa ehtiyac yoxdur, hazırda mövcud olana diqqət yetirmək lazımdır. 


Hadisələrə operativ reaksiya vermək lazımdır, hadisə baş verən kimi orda olmaq, təhsil alanının, təhsil verənin yanında olmaq lazımdır. 

 

Amma Elina hadisəsində biz Təhsil Nazirliyindən bunu görmədik. Biz ancaq hadisə və problemlərdən qaçan, onu gözlədən, özünü qorumaq istəyən Təhsil Nazirliyi gördük. Ölkədə bu tipi, problemli kifayət qədər məktəb, direktor, şagird var. İndi onlarda bu yolu tutsun ki, siz onlara diqqət ayırasız?

 

Təhsil Nazirliyi ictimaiyyət nümayəndələrinə, obyektiv jurnalistlərə, ekspertlərə qapılarını bağlayıb. Onlarla birlikdə problemin həllini tapmaq üçün müzakirələr aparılmır. Siz kiməsə giriş qapısını bağışlayırsızsa, sizin üçün çıxış qapısı açılır deməkdir.

 

7. Elinanın sinif yoldaşları günahkardır. Təəssüf ki, məktəbli gənclər xoş olmayan qəhrəmanlara oxşamaq istəyirlər. Onlar bir az fərqli, müstəqil, gözəl olan qızlara qarşı xoş olmayan davranış nümayiş etdirirlər. Onlar özləri də bilmədən həmyaşıdlarına psixoloji təzyiq göstərirlər. 

 

8. Cəmiyyət günahkardır. Çünki baş verən xoşagəlməz hadisələrə münasibət bildirərkən ancaq xəbər başlıqlarını oxuyub münasibət bildirirlər. Çünki cəmiyyət olaraq bir birimizə qarşı münasibətdə sərt mövqe nümayiş etdiririk. Başqalarının taleyinə biganə qalırıq. Küçədə iki şəxs arasında olan istənilən hadisəyə laqeyd qaldırıq. 

 

Biz qız uşaqlarına qarşı xoş davranmırıq. Onları bütün vasitələrə incitməyə, təzyiqə məruz qoymağa çalışırıq. Cəmiyyətin qız uşaqlarına qarşı münasibəti dəyişməlidir. 

 

Hadisə baş verən anadan bütün incəlikləri ilə məsələni nəzarətdə saxlayan, həssaslıq göstərən jurnalistlərə təşəkkür edirəm. Onlar vəzifə funksiyalarını yüksək səviyyədə həyata keçirdilər.

 

Bu intihar hadisəsini bütün vəsaitlərlə ört-basdır etmək istəyənlər, direktoru təmizə çıxarmağa, Təhsil Nazirliyini müdafiə etməyə canla-başla çalışanlar var idi. Onlar kimlər idi? Təhsil Nazirliyinə yaltaqlanan, onlardan nə isə umanlar, direktorun dostu, tanışı idilər. Onların heç biri təhsili, məktəbi, şagirdi müdafiə etmirdi, onlar öz maraqlarını düşünür, onu müdafiə edirdilər. 

 

Jurnalistlər olmasaydı, günahkarlar cəzasız qalacaqdı. Bəli, əgər jurnalistlər bu məsələni diqqətdə saxlamasaydı, təhsildə son bir ildə baş verən neçə yüzüncü bədbəxt hadisə kimi bu da günahkarın cəzasız qalması ilə başa çatacaqdı.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top