İlham Əliyevin rəhbərliyi ilə islahatlar uğurla həyata keçirilir - ŞƏRH

SOSİAL 13 apr 2019, 22:38

İslahatlar hər bir cəmiyyətin ayrılmaz tərkib hissəsidir. İslahatlar zərurətdən yaranır və özündə mövcud vəziyyəti yaxşılığa doğru dəyişdirmək meyilləri daşıyır. Azərbaycanda islahatlar 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ilk Konstitusiyanın qəbul edilməsindən başlayıb. Ulu Öndər bütün çıxışlarında islahatların zəruriliyi məsələsini önə çəkərdi. Elə buna görə də demək olar ki, ölkəmizdə islahatlar Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə uğurlu islahatlar həyata keçirilir.

 

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev deyib.

 

F.Nağıyev bildirib ki, etibarlı kadrlar olmadığı halda ən böyük islahatlar da uğursuzluğa məhkumdur. Ölkəmizdə kadr islahatları kifayət qədər uğurla həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi müddətində xarici ölkələrdə təhsillə bağlı bir neçə dövlət proqramı qəbul edilib. Həmin tələbələr xaricdə təhsil alıb ölkəmizə qayıtdıqdan sonra qəbul edilmiş qaydalara uyğun olaraq, dövlət qulluğu vəzifələrini tutmaq üçün müsabiqələrdə güzəştli şərtlərlə iştirak edirlər.

 

F.Nağıyev deyib ki, Azərbaycanda kadrlarla iş pərakəndə şəkildə aparılmır, uzun illərin perspektivinə hesablanır. Ulu öndər Heydər Əliyev tərəfindən hələ 1960-1970-ci illərdə azərbaycanlı tələbələrin aparıcı xarici ölkələrə təhsil almağa göndərilməsi ölkəmizin bugünkü həyatının qurulmasında öz sözünü deyir. Bu addım bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanlı gənclərin dünyanın ən qabaqcıl təhsil ocaqlarında təhsil almaları dövlət tərəfindən maliyyələşdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə Rusiyanın, Avropanın ən yaxşı ali təhsil müəssisələri Bakıda filiallarını yaradırlar. Azərbaycanda da dünya standartlarına cavab verən universitetlər yaradılır. Bu təhsil ocaqlarından bəhrələnən kadrlar 10 illər bundan sonra da Azərbaycanın dövlət idarəçiliyində uğurla təmsil olunacaq, ölkəmizin inkişafında pay sahibi olacaqlar.

 

F.Nağıyev vurğulayıb ki, ölkəmizin tarixində həyata keçirilən ən uğurlu struktur islahatlarından biri də vitse-prezident institutunun yaradılması idi. Bu addım Ümummilli Liderin ideyalarının reallaşdırılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, xalqın dövlətimizin başçısının ətrafında daha sıx birləşməsi baxımından çox əhəmiyyətlidir. (Azərtac)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top