Qatarla toqquşan avtobus sürücüsünün məhkəməsi başladı

KRİMİNAL 12 apr 2019, 20:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə Bakıda qatarla avtobusun toqquşmasında təqsirləndirilən marşrut xəttinin dispetçeri Mübariz Fərəcov və sürücü Əlixan Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Prosesdə iştirak edən 2 zərərçəkmiş şəxs marşrut xəttinin rəhbərliyinin məhkəməyə gətirilərək məsuliyyətə cəlb edilmələrini istəyib.

 

Prosesdə mülki iddia qaldıran "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi təqsirləndirilən şəxsdən dəymiş zərərə görə 53 min manat tələb edib.

 

Məhkəmə iclası aprelin 19-da davam etdiriləcək.

 

İttihama görə, ötən il oktyabrın 1-də saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun idarə etdiyi 160 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində avtobusda olan 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Fakta görə Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla həmçinin, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən “Ayşən LTD” MMC-də dispetçer işləyən M.Fərəcov Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra M.Fərəcov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. (Modern.az)

 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top