"Tərəfimizdən hər hansı bir söküntü işləri aparılmır" — Abşeron RİH-dən evi uçurulan sakinlə bağlı AÇIQLAMA

GÜNDƏM 12 apr 2019, 18:11

Abşeron Rayon İcra Hakimiyyəti Saray qəsəbəsində icra nümayəndələri tərəfindən evi dağıdılan Rəsul Hüseynovla bağlı məsələyə münasibət bildirib. 


Abşeron Rayon İcra Hakimiyyətindən Demokrat.az-a daxil olan məlumatda deyilir:


"Əvvəlcə qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən söküntü işləri aparılmır. Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi isə məhkəmə icraçıları tərəfindən həyata keçirilib. Belə ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmdə  baxılıb. İdiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif  Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib. Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən Hüseynov Raqif  Əjdər oğlu  tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi qət edilib. Bundan sonra qarşı tərəf məhkəmənin qətnaməsindən müvafiq instansiyalara müraciət etsə də yenə də qətnamə qüvvədə saxlanılıb. Nəticədə məhkəmə icraçıları tərəfindən qanunsuz tikili sökülüb. 


Abşeron Rayon İcra Hakimiyyəti olaraq bir daha bildiririk ki, RİH tərəfindən hər hansı bir söküntü işləri aparılmır. Təəssüf ki, vətəndaşların bəziləri “məhkəmə icraçıları” deyəndə Rayon İcra Hakimiyyəti kimi başa düşür. Daha biz təsəvvür edə bilməzdik ki, özünü jurnalist adlandıran şəxs də məhkəmə icraçıları ilə Rayon İcra Hakimiyyətini qarışıq sala bilər. Bir jurnalist özünün “facebook” səhifəsində hər hansı bir qurum haqda fikir yazarkən sözünün məsuliyyətini bilməli və qarşı tərəfin də mövqeyini öyrənsəydi, bu, onun peşəkarlığından xəbər verərdi. Təəssüf  ki, qeyri-peşəkar addım atıb və nəticədə də bəzi kütləvi informasiya vasitələrində qeyri-dəqiq informasiya yayılıb".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top