"İcbari tibbi sığorta keyfiyyətli xidmətin göstərilməsinə səbəb olacaq" — Oqtay Şirəliyev

SOSİAL 11 apr 2019, 15:05

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət tibb müəssisələrinin rəhbər heyəti ilə “Azərbaycanda icbari tibbi sığortaya hazırlıq” mövzusunda görüş keçirib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Demokrat.Az-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Oqtay Şirəliyev, Birinci vitse-prezidentin köməkçiləri Xalid Əhədov və Emin Hüseynov, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və 160-a yaxın dövlət tibb müəssisəsinin rəhbərləri iştirak ediblər.

 

Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin yeni mənbəyin yaradılmasına əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müalicə və diaqnostik imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq: “Göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əmək haqlarına müəyyən olunmuş əlavələr onların əməyinin stimullaşdırılmasına və sosial rifah halının yüksəldilməsinə yol açacaq”.

 

Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov qeyd edib ki, Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxt və regionlarda sağlamlaşdırıcı aksiyalar, ürək çatışmazlığından və digər patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir.

 

X.Əhədov icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu ərazilərdə müsbət nəticələr əldə olunduğunu da vurğulayıb.

 

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev xəstəxana daxili qeydiyyat sisteminin yeni tələblərə uyğun qurulmasının vacibliyini bildirib.

 

Agentliyin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova “Xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidlə bağlı hazırlıq tədbirləri” mövzusunda təqdimatla çıxış edib.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən 1 yanvar 2020-ci il tarixindən etibarən bir sıra dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri Agentliyin nəzdində yaradılan TƏBİB-in tabeliyinə veriləcək. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top