Hamı cəza aldı, bəs Rəşad İlyasov niyə...?

GÜNDƏM 10 apr 2019, 15:49

"Space" telekanalının efirində baş verən hadisə bir neçə gündür ki, gündəmdən düşmür. Əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun qonaq olduğu "Hər səhər" verilişində yaşanan hadisə böyük qalmaqala səbəb olub. Belə ki, Rüfət mahnı oxuyan vaxt səs rejissorunun mikrofonları bağlamaması ifaçıların söyüşlü zarafatının efirə getməsinə səbəb olub.


Axşam.az-ın məlumatına görə, həmin vaxt adı keçən hər kəs cəzalandırılıb. Proqramın "söyülən" aparıcısı Anar Vaqifoğlu, eyni zamanda proqramda mikrofonu bağlamayan səs rejissoru Etibar Mustafayev işdən qovulub. Milli Televiziya və Radio Şurasının qərarı ilə "Space" kanalının 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edilib.


Ən böyük cəzanı alanlardan biri də Rüfət Axundov olub. Onun mahnı ifa edərkən işlədilən sözlərə görə aldığı cəzaların ardı-arası kəsilməyib. İlk olaraq Rüfətə efir qadağası qoyulub. Daha sonra isə müğənni Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən azad edilib. 


Bu gün isə AzTV-nin “İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramov məsələ ilə bağlı açıqlama verib. Qurum əməkdaşı qeyd edib ki, müğənniyə qarşı heç bir qadağa tətbiq edilməyəcək. 


Həmin an efirdə yer alan Rəşad İlyasov heç bir cəza almadan hadisədən ən karlı çıxan tərəf olub. "Hər səhər" verilişinin həmin görüntüləri qısa vaxtda İnstaqramda yayılıb. Ötən gün isə verilişdən daha geniş görüntülər "Yotube"da yerləşdirilib. Maraqlı məqam isə odur ki, videoda Rəşadın daha yüksək səslə söyüşlü mahnı oxumağa başladığı görünür. Hətta Rüfətdən əvvəl ilk olaraq söyüşləri R.İlyasovun işlətdiyi diqqətdən yayınmır. Rəşad mahnı oxunan zaman ilk olaraq söyüş işlədir, Rüfət isə onunla birlikdə təkrarlayır. Bu fikirlərin açıq göründüyü video sosial şəbəkədə yayılıb. Digər maraqlı məqam isə odur ki, səslər fonoqramdan daha açıq eşidilir. 


MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov əməkdaşımızla söhbətində İlyasovla bağlı sualları cavablandıran zaman "Məsələnin fərdiləşdirilməsinin əleyhinəyik, prinsip olaraq ifadəni işlədən şəxs oradan yığışdırılsın ki, həm cəmiyyətdə narazıçılıqlar səngisin. Videoda görünür ki, söyüşlü ifadələri işlədən Rüfət Axundovdur. Dövlət qurumu elə xırdaçılığa getməyi düşünmür. Rəşad İlyasovla bağlı məsələ aktual deyil" deyərək, İlyasovu müdafiə edib. 


Rüfət məsələ ilə bağlı news24.az-a açıqlama verərkən, həmkarını satmaq istəməsə də, onun ünvanına "Rəşada heç bir iradım yoxdur, qüsuru gərək insan özü özündə tapsın. Hər kəs özü səhvini başa düşməli və cavabdeh olmalıdır. Günahsız olduğumu görən insanların münasibəti, fikri mənə yetərlidir. Kor-kor, gör-gör, qoy, dəfələrlə o videoya baxsınlar və kimin günahkar olduğunu düzgün şəkildə ortaya çıxarsınlar" sözlərini işlədib. 


Videoya diqqətlə baxsaq, İlyasova vəhy gəldiyini görərik. Çünki əli ilə işarə edib, mikrofonun söndürülməsini tələb edir. Səs rejissoru isə bu zaman onu yanlış anlayıb, əksinə, səsi yüksəldib. 


Onu da bildirək ki, Rəşad İlyasovun “sudan quru çıxması” sosial şəbəkələrdə də etiraza səbəb olur. İnsanlar MTRŞ qərarının ədalətsiz olduğunu, Rəşadın da cəzalandırılmasını tələb edir. Və ya heç bir müğənniyə cəza verilməməsi, ancaq səs rejissorunun günahının cəzasını ödəməsi vurğulanıb.


Ancaq bu tələbə məhəl qoyan yoxdur. Hətta İlyasov verilişlərə qonaq qismində dəvət olunur. Deyəsən, ona olan tələbat əvvəlkindən daha da yüksəkdir.


P.S. Videoda söyüş olduğu üçün sayta yerləşdirə bilmirik. "Youtube"da axtarıb həmin məqamı diqqətlə izləmək mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top