"Prezidentin xalq içərisində reytinqi 95 faizdən yüksəkdir" — General Əliağa Hüseynov

GÜNDƏM 10 apr 2019, 14:25

Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Avropanın nüfuzlu “Opinion Way” şirkəti tərəfindən Prezident İlham Əliyevin reytinqi ilə bağlı keçirilmiş rəy sorğusunun nəticələrindən danışıb. 


Deputat Demokrat.az-a açıqlamasında bildirib ki, indi Azərbaycan Prezidenti İlham Əliyevin təkcə MDB ölkələri arasında deyil, dünya dövlətləri arasında yüksək nüfuzu və imici var:


"Bu gün Prezident İlham Əliyev özünün yüksək nüfuzuna görə dünya liderləri arasında hörmətlə qarşılanır. İndi Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər cənab Prezidentin yüksək nüfuzu və bacarığı, savadı sayəsində mümkün olub. Təbii ki, bütün bunlar Azərbaycan xalqının düşmənlərini məyus edir. Düşmənlərimiz əldə etdiyimiz nailiyyətləri görüb kor olacaqlar. Cənab Prezident hələ Azərbaycanı uzun illər qələbələrə aparacaq, işğal altında olan torpaqlarımızı azad edəcək və xalqımız da bunlara çox sevinəcək".


Ə.Hüseynov deyib ki, “Opinion Way” şirkəti tərəfindən aparılmış rəy sorğusunun nəticələrində 85 faiz göstərilsə də, ancaq Prezident İlham Əliyevin xalq içərisində nüfuzu 95 faizdən az deyil:


"Bəlkə də “Opinion Way” şirkəti cənab Prezidentin reytinqini 85 faiz göstərməklə müəyyən səhvə yol verib. Əslində, bu gün hörmətli Prezidentimizin reytinqi 95 faizdən aşağı deyil. Cənab Prezident İlham Əliyev öz xalqı içərisində ən azı Nursultan Nazarbayev qədər böyük nüfuza və hörmətə malik olan mübariz insandır. Yəni, bu da 85 faiz yox, 95 faizdən yuxarı reytinq deməkdir. Bu gün Prezidentimizin daim xalqının yanında olması bütün bunları bizə əminliklə deməyə vadar edir. Təbii ki, mən bütün bunları millət vəkili kimi seçicilərimin adından söyləyirəm. Onların Prezidentimiz haqqında arzu və dualarını çatdırıram. Xalqımız öz Prezidentini sevir, onu dəstəkləyir. Eyni zamanda ölkə başçısı da daim öz xalqının yanındadır. Kim bu düz yolda cənab Prezidentimizə dəstək olursa, Allah onların hər birinin canını sağ etsin. Hörmətli Prezidentimizə də uzun ömür arzu edirəm".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top