Zakir Qaralov əməliyyat müşavirəsi keçirdi

HADİSƏ 09 apr 2019, 22:29

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasını təmin etmək məqsədilə baş prokuror Zakir Qaralovun sədrliyi ilə geniş əməliyyat müşavirəsi keçirilib.


Demokrat.az xəbər verir ki, Z. Qaralov dövlət başçısı tərəfindən əhalinin layiqli həyat səviyyəsinin təmin olunması və dövlət-vətəndaş münasibətlərinin müasir çağırışlara uyğun formalaşmasına yönəlmiş institusional tədbirlərin müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.


Prezidentin ölkənin hüquq sisteminin müasir dövrün ən yüksək tələbləri səviyyəsində yenilənməsinə və təkmilləşməsinə təkan verən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamının əhəmiyyətini vurğulayan baş prokuror sənədin imzalandığı tarixdən ötən müddət ərzində istintaq zamanı həbs edilmiş şəxslərin sayının 30 faiz azaldığını diqqətə çatdırıb.


O, həyata keçirilən tədbirlər nəticəsində prokurorluğun və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işləri üzrə son dövrlərdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə vəsatət və təqdimatların verilməsi zamanı yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı martın 12-də Baş Prokurorluğun bütün struktur qurumlarına və respublikanın müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarının rəhbərlərinə göstəriş xarakterli məktubun göndərildiyini nəzərə çatdırıb.


Müşavirədə Fərmandan irəli gələn vəzifələrin vaxtında və səmərəli icrasını təmin etmək məqsədilə aprelin 4-də Baş Prokurorluqda İşçi Qrupun yaradıldığını qeyd edən Zakir Qaralov cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrinin hazırlanmasının, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsinin zəruriliyini vurğulayıb.


Fərmanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsinə münasibət bildirən baş prokuror cinayət təqibi orqanlarında başlanmış cinayət işlərinin istintaqı zamanı cinayət qanunvericiliyinin müddəalarına düzgün istintaq edilməklə əmələ obyektiv hüquqi qiymət verilməsi, cinayət işlərinin yüksək peşəkarlıqla istintaq edilməsi, prokurorlar tərəfindən ibtidai araşdırmanın həm prokurorluq, həm də digər istintaq orqanlarında keyfiyyətlə aparılması istiqamətində kəsərli tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verib.


Əməliyyat müşavirəsində baş prokuror Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ilkin mərhələdə Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibinin yenidən formalaşdırılması üçün Müsabiqə komissiyasının təşkil olunması və növbəti mərhələdə isə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların eyni prosedurlar əsasında müsabiqə yolu ilə vəzifəyə təyin edilmələri barədə göstəriş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top