"Onmilyonuncu Azərbaycan vətəndaşının dünyaya gəlməsi inkişafımızın göstəricisidir" — Deputat Elman Nəsirov

GÜNDƏM 08 apr 2019, 19:51

"Azərbaycan əhalisinin sayının 10 milyona çatması hər bir azərbaycanlını sevindirir. Onmilyonuncu Azərbaycan vətəndaşının dünyaya gəlməsi inkişafımızın göstəricisidir". 


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib. 


Deputat deyib ki, Azərbaycanın demoqrafik inkişafı ölkənin ümumi iqtisadi inkişafının məntiqi nəticəsidir:


"O ölkələrin əhalisinin artımında yüksəliş yoxdur ki, həmin ölkələr çox çətin iqtisadi vəziyyətdə yaşayırlar. İqtisadiyyatı zəif olan ölkələrdə doğum faizi də aşağı düşür. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması həm də tarixi nailiyyətimizdir. Bu, ölkəmizin ümumi inkişafının nəticəsi kimi qiymətləndirilə bilər".


E.Nəsirov qeyd edib ki, əhali sayının 10 milyon nəfərə çatması Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində demoqrafik üstünlüyünün göstəricisidir:


"Çünki hazırda Azərbaycanda əhalinin dinamik artımı, Ermənistanda isə kəskin azalması prosesi gedir. Ola bilsin ki, Paşinyan hakimiyyəti dövründə Ermənistanı tərk edənlərin sayı azalsın. Yaxud da doğum artsın. Amma bunun əksi baş verməkdə davam edir. Ən son məlumata görə, son 10 ay ərzində 30 mindən çox insan Ermənistanı birdəfəlik tərk edib. Doğum isə kəskin şəkildə aşağı düşüb. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan bütün parametrlər üzrə Ermənistanı üstələməkdədir". 


Politoloq vurğulayıb ki, Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatmasını təkcə demoqrafik hadisə kimi qiymətləndirmək lazım deyil:


"Bu hadisə eyni zamanda Azərbaycanın iqtisadi inkişafının, sosial rifahının göstəricisidir. Hərbi müstəvidə isə növbəti üstünlüyümüzün ifadəsidir. Çünki bu gün Ermənistanda hərbi xidmətə getməyə və sərhədləri qorumağa əsgər tapılmadığı reallığını müşahidə edirik. Amma Azərbaycanda isə demoqrafik vəziyyət ildən-ilə daha da yüksəlir. Bütün bunlar bizi çox sevindirir. Hesab edirəm ki, bu hal Ermənistan üçün ciddi siqnal olmalıdır. Yəni, Ermənistan nə qədər gec deyil, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe ortaya qoysun. Əks halda, Ermənistan sərhədləri qorumaq üçün ümumiyyətlə əsgər tapa bilməyəcək. Təsadüfi deyil ki, bu gün Ermənistanda xanımların da hərbi xidmətə çağırılması ilə bağlı təkliflər səsləndirilir. Onlar buna misal kimi İsrail dövlətini göstərirlər. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanda ölkəni qorumağa oğlan tapılmır. Bu baxımdan da Azərbaycanın demoqrafik inkişafı torpaqlarımızı tezliklə geri qaytaracağımıza inamımızı daha da artırır".


Deputat ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan əhalisinin sayının az olmasına görə AXC-Müsavat hakimiyyətini qınayıb:


"Xaos və hakimiyyətszlik olan yerdə təbii ki, demoqrafik göstəricilər də aşağı düşür. Bunu hər birimiz yaxşı xatırlayırıq. Ötən əsrin 90-cı illərinin əvvəllərində AXC-Müsavat hakimiyyəti dövründə ümumiyyətlə əhali artımından söhbət gedə bilməzdi. Hətta, nigahların bağlanması kəskin şəkildə aşağı düşmüşdü. Çünki insanlar yalnız çörək haqqında düşünürdülər, sabaha inamları yox idi. Əgər həmin dövrdə insanlar özünü saxlaya bilmirdisə, onlar ailəsini necə saxlaya bilərdi? Bütün bunlara görə də bizim demoqrafik göstəricilərimiz kəskin şəkildə aşağı düşmüşdü. Lakin ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimiz çox güclənib, bizə beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi baxırlar. Bizim ən böyük nailiyyətimiz isə indiki sabitlik, təhlükəsizlik mühitidir. Bütün bunlar təbii ki, Azərbaycanın inkişafını şərtləndirir. Eyni zamanda demoqrafik proseslərə də müsbət təsir göstərir. Ona görə də bu gün yeni ailə həyatı quran gənclərimiz fərqindədir ki, onların dünyaya gətirdiyi övladlarını saxlamağa maddi imkanları olacaq. Bu da bizim demoqrafik inkişafımıza ən böyük təsir edən amildir. Azərbaycandan fərqli olaraq Ermənistanda bütün bu proseslər əks inkişaf edir. Erməni gəncləri kütləvi şəkildə ölkəni tərk edərək, xaricdə özlərinə pənah tapırlar".


Zaur Hacılı
Demokrat.az  

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top