2016-cı il Aprel zəfəri Rusiyada qeyd edildi — FOTOLAR

HADİSƏ 08 apr 2019, 16:48

Moskva Vilayətinin Ximki şəhərində “Azərbaycanın müasir hərb tarixində Aprel” adlı tədbir keçirilib. 


Demokrat.az xəbər verir ki, Rusiyadakı soydaşlarımızın təşəbbüsü ilə Moskvaya dəvət edilmiş Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabitləri - polkovnik-leytenant Nazim Bayram və polkovnik-leytenant Eldəniz Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda həyata keçirilmiş uğurlu hərbi əməliyyatlardan danışıblar. Bu barədə tədbirə informasiya dəstəyi verən AZRU Rusiya azərbaycanlılarının vahid informasiya portalı xəbər verir. 


1991-1994 ci illərdə Azərbaycan Ordusunda xüsusi təyinatlı polis dəstəsinin zirehli mobil qrupunun rəhbəri, tank taboru komandiri, alay qərərgahı rəisi kimi vəzifələri daşımış Nazim Bayram 2016-cı ilin aprelindəki döyüşlərə toxunmazdan öncə bu günlərdə növbəti ildönümü yaxınlaşan, özünün də iştirakçısı olmuş 1992-ci ilin 10 aprelində baş vermiş Marağa döyüş toqquşmasının təfərrütlarından danışıb. 

 
Hərbiçinin fikrincə, Marağa əməliyyatının məqsədi həmin kənddə cəmlənmiş və Tərtər şəhərinə təhlükə yaradan düşmənin silahlı dəstələrini məhv etmək olub ki, bu tapşırıq uğurla yerinə yetirilib. Marağa kəndi uğrunda döyüşlərdə düşmən canlı qüvvədə 100-dən çox itki verib, işğalçı ordunun bir neçə hərbi texnikası sıradan çıxarılıb. 


Nazim Bayram deyib ki, uğurlu əməliyyat nəticəsində itkilərinin sayı ilə barışa bilməyən Ermənistan höküməti Marağa əməliyyatını etnik təmizləmə kimi qələmə versə də, bu iddialar Ermənistan hüdudlarından kənarda dəstək tapmayıb. N.Bayramın sözlərinə görə, döyüşlər zamanı əsir götrülmüş düşmən əsgərləri əsirlikdə olan azərbaycanlı dinc sakinlərlə dəyişdirilmişdir. Qeyd edək ki, Marağa kəndinə bu gün də Azərbaycan Respublikasının Silahlı Qüvvələri nəzarət edir və hər il uğurlu əməliyyatla bağlı tədbirlər təşkil edilir.   
 

2016-cı ilin aprel döyüşlərini təhlil edən Nazim Bayram hərbi tapşırığın Tərtər-Goranboy və Fizuli-Cəbrayıl istiqamətində yerləşən yaşayış məntəqələrini düşmən atəşi altından çıxartmaq olub. 


“Həm Lələ İlahi Dağı, həm də Talış kəndi ətrafındakı yüksəkliklər ordu bölmələrimiz tərəfindən döyüş əmrində göstərildiyindən daha qısa müddətdə ələ keçirilmiş və müdafiə olunmuşdu. İtirilmiş mövqeləri geri qaytarmaq məqsədilə erməni komandanlığının aprelin 5-nə qədər təşkil etdiyi aramsız əks-hücumlar ordumuz tərəfindən dəf edilmiş və nəticə verməmişdi. Hər iki istiqamətdə düşmən həm ərazi, həm çoxsaylı zirehli texnika, artilleriya qurğuları və canlı qüvvə itkilərinə məruz qalmışd”. 


Nazim Bayram onu da əlavə edib ki, aprel döyüşləri vaxtı Azərbaycan ordusu qarşısında Ağdərə və Ağdamı geri qaytarmaq kimi döyüş tapşırıqları qoyulmayıb və bu kimi müddəalar öz uğursuzluğunu gizlətməyə cəhd edən düşmən təbliğatıdır ki, apreldəki zəfərimizi şübhə altına qoymağa hesablanıb. Hərbi ekspertin fikrincə, artıq aprelin 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun birtərəfli qaydada atəşkəsin bərpası haqda bəyanatı da qarşıya qoyulan tapşırığın uğurla yerinə yetirildiyinə dəlalət edir.      

   

2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın N saylı korpusunun artilleriya rəisi olmuş, hazırda ehtiyatda olan polkovnik Eldəniz Hüseynov artilleriyaçılarımızın sərrast atəşləri nəticəsində düşmənin verdiyi itkilər haqda faktları sadalayıb. Tədbir iştirakçılarına artilleriyaçılarımızın düşmən hədəflərini vurma anlarını əks etdirən videoçarxlar təqdim edilib. Polkovnik-leytenant Azərbaycan ordusunun  bütün bölmələrinin, o cümlədən artilleriya bölmələrinin peşəkarlığı haqda maraqlı faktları sadalayıb, aprel hadisələri zamanı düşmənin döyüş məntəqələrinin darmadağın edildiyini deyib.  


Ximki Şəhər Şurasının deputatı, yerli Azərbaycan icmasının rəhbəri Xanoğlan Əliyev bildirib ki, Azərbaycanın ərazi bütölüyü vətəndaşlığından aslı olmayaraq dünyada yaşayan bütün azərbaycanlıları düşündürən vacib məsələdir və onun həllinin uzadılması dünyadakı həmvətənlərimzin haqlı narazılığına səbəbdir. 


Rusiyanın Tver şəhərində yaşayan Gəncə batalyonunun döyüşçüsü Ümidvar Məmmədov Mehman Ələkbrəovun rəhbərliyi altında Gəncə batalyonunun 3 saata yaxın davam edən döyüş zamanı Xocalı, Ağdaban və digər yaşayış məntəqələdində dinc əhaliyə qarşı vəhşiliklər törətmiş düşmənin “Arabo” batalyonunun  187 erməni terrorçusunu necə məhv etdiklərindən danışıb.   

AZRU portalının baş redaktoru Roman Ağayev saxtakarlıqlara söykənən erməni təbliğatına qarşı faktoloji informasiya siyasətinin gücləndirilməsinə və bu müstəvidə Azərbaycan həqiqətlərinin Rusiya və dünya ictimaiyyətində fəal və keyfiyyətli şəkildə yayılmasına diqqət yetirib. 

 
Tanınmış jurnalist, filologiya elmləri namizədi Anar Həsənov tədbirin əhəmiyyətini ön plana çəkərək qeyd edib ki, Azərbaycan icması ilə mütəmadi şəkildə ünsiyyətə ehtiyac var. O “münaqişənin həlli və hərbi uğurlarımız” mövzuları ilə bağlı müstəqil ekspertlərlə təşkil edilən görüşləri düşmənin informasiya-psixoloji təxribatlarının qarşısını almaq cəhdi kimi qiymətləndirib.  

 
Görüşün təşkilatçılarından olan, Gəncədə fəaliyyət göstərən “Cavad Xan” tarix və mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov Rusiyadakı icmamızı Qarabağın azad edilməsi uğrunda təşkil edilmiş tədbirlərlə bir araya gətirməyin vacibliyini vurğulayıb. “Qarabağ həm daxildə, həm də xaricdə yaşayan soydaş və həmvətənlilərimizi birləşdirən bir nömrəli məsələdi” deyən natiq əlavə edib ki, soydaşlarımız Qarabağ həqiqətlərinin yayılması yolunda maddi və fiziki dəstəyə həmişə səfərbərdirlər.   

 
Tədbir daha sonra sual-cavab formatında davam etdirilib. Moskva və Moskva vilayətinin müxtəlif bölgələrində fəaliyyət göstərən Azərbaycan icma qurumlarının rəhbər və təmsilçiləri 4 saata yaxın davam edən tədbirdə maraqlı fikirləri ilə paylaşıb, bir sıra önəmli təkliflər irəli sürdülər. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top