İcra başçısı dindarı dəlixanaya göndərib – Anasından açıqlama

HADİSƏ 07 apr 2019, 16:47

İki gün əvvəl dindar oğlu dəlixanaya salınan Qazax sakini Səkinə Cəfərli açıqlama verib.

 

O, bildirib ki, oğlu Mircəfər Hüseynzadə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı status yazıb: 

 

"Mircəfər Bir neçə il əvvəl Qazağın Əhməd Seyidov küçəsində namaz evi tikmişdi. 3 il əvvəl Qazaxa yeni təyin olunan icra başçısı Rəcəb Babaşov həmin evi dağıtdırdı. O vaxtdan Mircəfər mübarizə aparır. 

 

Bir neçə gün əvvəl icranın nümayəndəsi Vüsal çağırdı. Gecə saat 9-da icra hakimiyyətinə çağırdılar. Mircəfər də sənədlərini götürərək onunla getdi. Həmin gündən sonra Mircəfər bir neçə gün evə gəlmədi, Vüsal telefonlara cavab vermədi. Sonradan Mircəfər üzə çıxdı, məlum oldu ki, onu Bakıya aparıblar. Yolda da 50 manatını alıb benzin töküblər. Bizə demədilər Bakıya aparılmasının səbəbini. 

 

Srağagün oğluma səs atıblar ki, gəl pulunu verək. Mircəfərlə birlikdə mən də getdim. Polisdə Mircəfər yoxa çıxdı. Bir nəfərdən öyrəndim ki, onu aldadıb tutub aparıblar ruhi xəstəxanaya. Əvvəllər də mənə demişdilər ki, dəlixanaya salacağıq. Yalvardım ki, oğlumdan əl çəkin. Deyirlər ki, başçı edib. Məhkəmə qərar verib ki, məcburi bir kurs müalicə alsın".

 

S.Cəfərli deyir ki, Mircəfərin heç bir ruhi-əsəb problemi olmayıb: "Axı heç kimin ondan şikayəti yoxdur. Mənə dedilər ki, başçı icazə verməsə buraxa bilmərik. Uşaqlarının, yoldaşının nə günahı var? 3 uşağı, hamilə yoldaşı mənim yanımda qalıblar. Uşaqlar ata deyə ağlayırlar. Danışmağa, söz deməyə də qorxuram, oğlum onların əlindədir, birdən ona nəsə edərlər. Bir oğlum var, heç kimlə işi olmazdı. Sosial şəbəkələrdə namaz evinin dağılması ilə bağlı məlumatlar paylaşırdı. Başçı qəbul etmir ki, yalvaram, bizi bağışlasın. Ona deyim ki, daha yazmayacaq. Zəng edin başçıya, deyin bir də heç nə etməyəcək ay Rəcəb müəllim". 

 

Qazax rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev bildirib ki, M.Hüseynzadə dindar deyil, sadəcə ruhi-əsəb problemi var. Ona görə də, inzibati qaydada məhkəmə tərəfindən xəstəxananın rəyi əsasında 20 günlük məcburi müəlicə təyin olunub.

 

"Mircəfər dindar deyil. Heç ərəb dilini bilmir. Bir dənə də yas məclisində iştirak etməyib. Əvvəllər Sumqayıtdakı ruhi-Əsəb Xəstəxanasında müalicə olunub"-deyə polis rəisi əlavə edib. (Criminal.az)

 

İcra başçısı dindarı dəlixanaya göndərib – Anasından açıqlama

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top