"Azərbaycan Ordusunun texnika parkının 80 faizi yenilənib" — Hərbi jurnalist

GÜNDƏM 05 apr 2019, 10:40

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşündə səsləndirdiyi “Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir... Sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir” fikri ölkəmizdə bu sahədə əsaslı tədbirlərin görülməsinin təsdiqidir.


Demokrat.az xəbər verir ki, bunu hərbi ekspert, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov AZƏRTAC-a açıqlamasında deyib.


Son 15 ildə Azərbaycan Ordusunun modernləşdirilməsi və hərbi qüdrətinin artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirən R.Süleymanov qeyd edib: 

“Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu uğurla aparılır. Yeni silah və hərbi texnikaların alınması ilə yanaşı, Silahlı Qüvvələrdə peşəkar heyətə keçid prosesində əhəmiyyətli məsafə qət edilib, hərbi qulluqçuların sosial müdafiəsinin təmin olunması, ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib”.


Ötən on il ərzində dövlət büdcəsindən müdafiə sektoruna hər il 2 milyard dollardan artıq vəsaitin yönəldiyini vurğulayan hərbi ekspert deyib: 


“Bu vəsaitin bir qismi şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə, önəmli qismi isə müasir silahların alınmasına sərf olunub. Hazırda Azərbaycan müdafiə xərclərinin məbləğinə görə postsovet məkanında ilk üçlükdə qərarlaşır. Ordumuzun texnika parkının 80 faizi yenilənib. Müstəqilliyin ilk illərində keçmiş sovet ordusundan miras qalan silah və texnika müasirləşdirilib, eləcə də dünyanın aparıcı dövlətlərinin istehsalı olan yeni nəsil silahlarla əvəz edilib. Ötən il keçirilən hərbi paradlarda da bunu gördük. Müqayisə üçün bildirək ki, bu gün Azərbaycan Ordusu tankların sayına görə Ermənistanı 3 dəfə, artilleriya vasitələrinin sayına görə 4-5 dəfə, zirehli döyüş maşınlarının sayına görə ən az 4 dəfə qabaqlayır. Hələ şəxsi heyətin sayını, döyüş qabiliyyətini demirəm. Ordumuz bu üstünlüyü 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2018-ci ilin mayında Günnüt əməliyyatında açıq şəkildə nümayiş etdirdi”.


R.Süleymanov Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışlarında Azərbaycanın yüksək dəqiqlikli silahlara önəm verdiyini dəfələrlə vurğuladığını diqqətə çatdıraraq deyib ki, bu silahlar hərbi əməliyyatlar zamanı düşməni döyüşə girmədən, uzaq məsafədən məhv etmək, ordunun itkilərini minimuma endirməyə imkan verir. Məsələn, Aprel döyüşləri zamanı ordumuzun sərəncamında olan “Spike” tank əleyhinə idarə olunan raketlərin tətbiqi ilə düşmənin hücum edən tanklarının hamısı uzaq məsafədən dəqiqliklə məhv edilmişdi. Bu atışların video və fotoları da yayımlanıb. Son hərbi paradlardan və Müdafiə Nazirliyinin təlimlərindən göründüyü kimi Azərbaycan həmin raketin müxtəlif modifikasiyalarına malikdir. Bu da düşmən tanklarını döyüş mövqelərinə çıxmağa imkan vermədən 10 kilometrədək məsafədən məhv etməyə imkan yaradır. Azərbaycanın Raket Artilleriya Qoşunlarının silahlanmasında mövcud olan LORA, “Polonez”, “Extra”, TR-300 “Qasırğa” kimi yeni nəsil raket kompleksləri cəbhənin yüz kilometrlərlə dərinliyindəki hərbi və strateji hədəfləri yüksək dəqiqliklə, nöqtə atışı ilə vurmağa imkan verir. Bu sistemlərin tətbiqi ilə həm Naxçıvandan, həm də Azərbaycan ərazisindən nəinki işğal altındakı ərazilərimizdəki düşmən obyektlərini, hətta Ermənistanın ərazisindəki ehtiyat hərbi hissələri də yüksək dəqiqliklə vurmaq mümkündür. Azərbaycan Ordusu Pilotsuz uçuş aparatlarının çeşidinə və imkanlarının genişliyinə görə, postsovet regionunda ilk yerdədir. Ordumuzun silahlanmasında olan pilotsuz uçuş aparatları cəbhənin dərinliyində fasiləsiz 40 saatdan çox havada qalaraq çəkiliş apara bilir. Bu cür imkanlara malik pilotsuz hava platformaları nə Ermənistanda, nə də onun havadarlarında mövcud deyil.


“Müharibə böyük maliyyə vəsaiti tələb edir. Təkcə bir motoatıcı briqadanın orta gərginlikli bir gündə döyüşü təqribi hesablamalara görə minimum 20-50 milyon dollardan çox vəsait tələb edir. Bura canlı qüvvə itkisi daxil deyil. Hər iki tərəfdən ən azı 5-7 briqadanın döyüşdüyünü nəzərə alsaq, döyüşlərin bir neçə gün davam etməsinin xərclərini hesablamaq elə də çətin deyil. Azərbaycan ötən dövrdə məhz bu itkiləri də minimuma endirməyə xüsusi diqqət yetirib. Xaricdən əldə edilən silah və texnikanın ümumi tərkibində yüksək dəqiqlikli, “ağıllı silahlar”ın üstünlük təşkil etdiyini görürük. Bu da kiçik bir qüvvə və vasitənin tətbiqi ilə düşməni daha çox tələfata uğratmağa imkan verir. Onu da qeyd edim ki, bu gün həmin müasir silahları artıq əsgərlərimiz deyil, peşəkar hərbi qulluqçular idarə edirlər”, - deyə R.Süleymanov vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top