"Nə olardı, Ermənistan ordusu hücuma keçərdi, onda mən onunla Yerevanda görüşərdim" — Zakir Həsənov

GÜNDƏM 04 apr 2019, 23:18

“Çox şey danışmaq olar, amma dediyin sözün arxasında imkanın da olmalıdır. Mənim fikrimcə, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar. David Tonayan hərbçi deyil. Yəqin onun rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur”.


Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində Ermənistanın müdafiə naziri David Tonayanın bəyanatına münasibət bildirərkən deyib.


Z.Həsənov vurğulayıb ki, Azərbaycanın Ordusu da, isqtisadiyyatı da, nüfuzu da günü-gündən güclənir: 


“Bunlar hamısı faktdır. Ermənistanda nə baş verir? Ermənistanda mif çöküb və xalqı yenidən hansısa vasitə ilə ruhlandırmağa çalışırlar. İqtisadiyyatı inkişaf etdirmək istəyirlər, amma alınmır. Bütün dünya onlara deyir ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb Ermənistanda iqtisadi inkişaf olmayacaq. Ermənistan xalqı ölkədən qaçır, çünki ölkənin iqtisadiyyatı çöküb. Biz hər gün Ermənistanda nələr baş verdiyini televiziya vasitəsilə görürük. Xalq küçələrə çıxır. Mədəniyyət işçiləri, dəmiryolçular, əsgər anaları hər gün aksiya keçirirlər. Onlar Ermənistan rəhbərliyinə deyirlər ki, ölkəni pis vəziyyətə qoymusunuz. Bütün bunlara görə ölkə ictimaiyyətinin diqqətini əsas məsələlərdən yayındırmaq istəyirlər. Ona görə də belə fikirlər səsləndirirlər”.


Müdafiə naziri vurğulayıb ki, David Tonayanın bəyanatı fantaziyadır: 

“Ermənistanın müdafiə naziri David Tonayan Amerikaya niyə getmişdi? Pul dilənməyə getmişdi. Ondan əvvəlkilər gedəndə deyirdilər ki, bizə pul verin bel alacağıq, xəndək qazacağıq, yoxsa türklər üstümüzə gəlirlər. İndikilər isə belin qiymətindən daha çox pul dilənirlər ki, silah alıb Azərbaycan Ordusuna hücum etməyə cəhd göstərsinlər. Ermənistanın nə iqtisadiyyatı, nə güclü ordusu, nə silahı, nə şəxsi heyəti, nə də ki, digər imkanı var. Ona görə də Ermənistan Azərbaycana hücum edə bilməz. İndi ötən əsrin 90-cı illəri deyil. Mən bunu eşidəndə dedim ki, nə olardı, Ermənistan ordusu hücuma keçərdi. Onda mən onunla Yerevanda görüşərdim. O, boş-boş danışır və artıq erməni xalqı da onlara inanmır. Bunlar hamısı boş söhbətlərdir”.


Nazir qeyd edib ki, “Azərsilah” Azərbaycan ordusunu tam şəkildə silah-sursatla təmin edir. 


O bildirib ki, Azərbaycan Ordusunun silah-sursatla bağlı heç bir problemi yoxdur: 

“Biz hər an döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Mindən çox çeşiddə silah-sursat mövcuddur”.


Z.Həsənov vurğulayıb ki, 2016-cı ilin aprelində Ermənistanın bütün ordusu ilə Azərbaycan Ordusunun yalnız 20 faizi döyüşüb: 


“Mən tez-tez ön xətdə hərbçilərlə görüşür və onların problemlərini, müraciətlərini dinləyirəm. Biz hər üç aydan bir “Açıq qapı” günü elan edirik və valideynlər öz əsgər övladları ilə görüşür, onların hərbi hissələrdəki vəziyyəti ilə tanış olurlar. Biz heç nəyi gizlətmirik. Bəzən yalan informasiyalar yayırlar ki, guya hərbi hissələrdə əsgərlər çətin şəraitdə yaşayırlar. Mən bu yalanları yayanlara demək istəyirəm ki, yalanın ömrü qısa olur. Çünki valideynlər övladlarının necə şəraitdə yaşadığını görür və onları aldada bilməzsiniz. Azərbaycan dövləti ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün çox böyük vəsaitlər sərf edir. Bu da Azərbaycanın güclü iqtisadiyyatından asılıdır”.


“Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”, – müdafiə naziri əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top