BP Amerika şirkətlərinin “Azəri-Çıraq-Günəşli”dəki paylarını ala bilər

İQTİSADİYYAT 03 apr 2019, 14:51

BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində Amerikanın “ExxonMobil” və “Chevron” şirkətlərinin paylarının alınması məsələsinə baxmağa hazırdır. “İnterfax” xəbər verir ki, bunu BP qrupunun baş icraçı direktoru Robert Dadli bildirib.

 

“AÇG-dəki iştirakımızı bəyənirik. Hesab edirəm ki, payımızın artırılması imkanı yaranarsa, bu, bizim üçün təbii seçim olar, lakin hər şey qiymətdən asılı olacaq”, - Dadli deyib.

 

Bununla belə, R.Dadli qeyd edib ki, “Exxon” və “Chevron” hələlik paylarını qiymətləndirir və satışla bağlı tender başlamayıb.

 


Qeyd edək ki, ötən ilin dekabr ayında “ExxonMobil” AÇG-dəki 6,79%-lik payını, "Chevron” isə layihədəki 9,57%-lik və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9%-lik payını satmaq niyyətində olduqlarını bildirmişdi.

 

Xatırladaq ki, AÇG layihəsində pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

 

"AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blokun 2050-ci ilədək işlənməsində dair yenidən işlənmiş saziş imzalanıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top