Kəmaləddin Heydərov müşavirə keçirdi: FHN ötən il “Diqlas”da çəkiliş aparıbmış (FOTOLAR/VİDEO)

HADİSƏ 03 apr 2019, 09:39

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı mövcud vəziyyəti müəyyən etmək üçün 2018-ci ildə “Diqlas”da videoçəkiliş aparıblar.


Demokrat.az xəbər verir ki, bu haqda məlumatı xidmətin rəisi daxili xidmət general-mayoru İsrayıl Əliyev FHN-də keçirilən kollegiya iclasında deyib. 


O, bildirib ki, həmin videoda da görünür ki, obyekt yanğına qarşı su hovuzu və avtomatik yanğınsöndürmə qurğusu ilə təmin olunmayıb, obyektin elektrik təsərrüfatı Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə cavab vermədən istismar olunub, obyektin təxliyyə yolları müxtəlif əşyalarla tutulub və bununla da əraziyə sərbəst giriş-çıxış məhdudlaşdırılıb, obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafələrinə riayət edilməyib, obyekt tüstü xaricəetmə və normativ sənədlərin tələblərinə uyğun ventilyasiya sistemləri ilə təmin olunmayıb, obyekt yanğına qarşı su hovuzu ilə təmin olunmayıb, obyektətrafı ərazi müxtəlif avtomobillərlə tutulub, onların xüsusi ayrılmış yerlərdə saxlanılmaqla hadisə zamanı yanğınsöndürmə avtomobillərinin sərbəst yaxınlaşması mümkün olmayıb. 


İsrayıl Əliyev qeyd edib ki, Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib. Bildirib ki, bütün müraciətlərə baxmayaraq, adı çəkilən ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı pozuntular aradan qaldırılmayıb. Ümumiyyətlə, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmayıb. O, əlavə edib ki, ölkə ərazisində insanların kütləvi toplaşdığı digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması halları və bu pozuntuların aradan qaldırılmasına dair aidiyyəti üzrə məktublar ünvanlanıb.


Xidmətin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov isə bildirib ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması, obyektin su hovuzu və daxili su kranlarının işlək vəziyyətdə olmaması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə yerləşməsi, yanğınsöndürmə işləri üçün uzaq məsafədən (800, 1000 m) müxtəlif istiqamətlərdən suyun çəkilməsi, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi yanğının qarşısının vaxtında alınmasında böyük çətinliklər yaradıb. 


Buna baxmayaraq, görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılması və daha böyük fəsadların qarşısı alınıb. Belə ki, “Diqqlas” ticarət mərkəzinin zirzəmisinin mənfi 2 və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5000 m2 sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2 ha ərazidə, meyvə-tərəvəz bazarı 2,5 ha ərazidə və 3 mərtəbəli “LOTOS” ticarət mərkəzi yanğından mühafizə olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top