“Nə qədər deyirdik, müraciət edirdik, amma dəstək olan olmurdu” — Sabiq Rüstəmxanlı Rövşən Almuradlının ölümündən DANIŞDI

GÜNDƏM 02 apr 2019, 18:55

Tanınmış rejissor, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) İdarə Heyətinin üzvü Rövşən Almuradlı bu gün səhər saatlarında dünyasını dəyişib. 


Hadisə Sumqayıt şəhərinin Sahil küçəsindəki dayanacaqda baş verib. R.Almuradlının avtobus gözləyərkən qəflətən vəziyyəti pisləşib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. 

R.Almuradlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir. Onun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib. 


VHP-nin sədri Sabir Rüstəmxanlı Cebhe.info-ya açıqlamasında Rövşən Almuradlının qəfil ölümündən çox təəssüfləndiyini bildirib: 


“Hadisə qəflətən olub. Bu gün Qubaya çəkilişə gedərkən, dayanacaqda dünyasını dəyişib. Şəxsən mənim üçün çox ağır itkidir. Çünki uzun illərdir ki, biz yaxın dostuq. Azərbaycanın çox nadir ziyalılarından biri idi. Vətənpərvər, öz yurdunun tarixini, mədəniyyətini dərindən bilən, demokratik düşüncəli, dəyərli insan idi. Təəssüf ki, qiymətini almamış ziyalı idi. Böyük arzuları, planları vardı, teatrda tamaşa qoymaq istəyirdi. Söhbətləşirdik, gözəl ideyaları vardı. Ürəyimizdən keçən əsərləri sayırdıq, hansına film çəkmək olar. Çox gözəl işlər görə bilərdi, təəssüf ki, belə bir uğursuzluq, biganəlik-laqeyidlik zolağına düşmüşdü. Nə qədər deyirdik, danışırdıq, müraciət edirdik, amma onun fikirlərini həyata keçirməyə dəstək olan olmurdu. Çox təəssüflənirəm. Rövşən Almuradlı Vətəndaş Həmrəyliyi Partiyasının İdarə Heyətinin üzvü idi, mədəniyyət işlərinə baxırdı. Onunla çox böyük bir arzumu həyata keçirib, “Cavad Xan” filmini çəkmişdik. Bu filmi çəkəndə biz daha da yaxınlaşmışdıq, Azərbaycanı birlikdə gəzirdik, daha yaxından tanıdım onu. Nə qədər dəyərli ziyalı olduğunu görmüşdüm. Gözlənilməz itki oldu. Hesab edirdim ki, biz gələcəkdə də birlikdə hansısa işlər görə biləcəyik. Rövşən Almuradlının Kamal adında oğlu var, o da jurnalistdir. Kamala, ailəsinə başsağlığı verirəm. Rövşəni tanıyan mədəniyyət adamlarına, “AzDram”ya və Sumqayıt teatrının əməkdaşlarına başsağlığı verirəm. Çünki Rövşən harada işləyibsə, onu orada çox seviblər. Allah rəhmət eləsin!” 


Sabir Rüstəmxanlı Rövşən Almuradlının Sumqayıtda dəfn olunacağını deyib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top