“Rüşvəti alan da, verən də razıdır” — Sürücülük vəsiqəsi ilə bağlı TƏKLİF

SOSİAL 01 apr 2019, 18:45

“Sürücülük vəsiqələrinin hansı formada əldə edilməsi ilə bağlı çox fikir yürüdürlər. Təklif irəli sürülür ki, vəsiqələrin verilməsi ilə bağlı qaydalar sərtləşdirilsin. İmtahan daha sərt formada keçirilsin”. 


Demokrat.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. 


Onun sözlərinə görə, dünya ölkələrində qaydalar fərqlidir:


“Kimdən soruşursan ki,  vəsiqəni necə almısan, hamı deyir, özüm almışam. Belə deyirlər, amma konkret fakt qoymurlar ki, özü necə alıb. Hamı başa düşür özü alıb. Çünki sürücülük vəsiqəsi almaq üçün özün ora getməli, imtahanda iştirak etməli, sürücülük vəsiqəsi üçün şəkil çəkdirməlisən, imza atmalısan. Aydın məsələdir ki, özün almalısan. Yəni meşədən heyvanı tutub aparmırlar ki, ora gəlib sənin  əvəzinə vəsiqə alsın. 


O ki qaldı vəsiqənin alınma qaydalarına hesab edirəm ki,  indiki qaydalar bizim sürücülər, cəmiyyət üçün normal qaydalar deyil. Vətəndaş kitabı alıb oxuyur, əzbərləyir, gedib imtahan verib qəbul olur. Adamlar var ki, 7 dəfə imtahana gedir. Təcrübə imtahanında da çox şey tələb olunmur. Sağa, sola dön, park elə, geriyə ver. Bunları da atası, əmisi, qohumundan öyrənir. Vəsiqəni alıb düşürlər şəhərin ortasına ki mən sürücüyəm. Bu belə olmamalıdır. Dünyada qaydalar fərqlidir. 3, 6 aylıq  və ya 1 illik vəsiqələr verilir ki, bu müddət ərzində özünü sürücü kimi doğrultmalısan. 


Bu gün sürücülük vəsiqəsi alıb, sabah sərxoş vəziyyətdə saxlanılanlar bəzi ölkələrdə ömürlük sürücülük hüququndan məhrum edilir. Yəni bir daha sürücü ola bilməyəcəksən. Bu gün sürücülük vəsiqəsi alıb bir ay ərzində 5 dəfə qırmızı işıqdan keçən sürücü normal adam deyil. Onları da birdəfəlik bu hüquqdan məhrum etmək, psixoloq yanına göndərmək lazımdır. Demək onun nəsə psixoloji problemləri var. Amma biz 10 illik vəsiqəni veririk o da qoyur cibinə, istədiyi kimi hərəkət edir”.


E. Muradlının sözlərinə görə, qayda pozanların sayı  artıb: 


“Qayda pozuntuları kameralar vasitəsilə daha çox qeydə alınır. Əlbəəl yazılan protokolların sayı azalıb. Yəni sürücü polis münasibətlərində azalma var. Amma təxminən 1 milyona yaxın xüsusi texniki vasitələrin köməyi ilə əlavə protokol tərtib olunub. Bunlar radarlar, kameralardır. Bəzi sürücülər düşünür ki, yol polisi, kamera yoxdursa, qayda pozmaq olar. Əksər  sürücülər belə düşünür. 


Qayda pozmayan sürücü yoxdur. Sadəcə olaraq qalıb necə qayda pozmaq. Adam var manevr qaydasını pozur və ya kəməri gec bağlayır. Bunları başa düşmək olur. Ən kobud qayda pozuntusu odur ki, 1 litr araq içib sükan arxasına oturur.  Və ya mal, heyvan səsi çıxaran siqnal qoşub şəhərin canına düşür. Avtomobilin səs boğucusuna müdaxilə edir, xor- xor səslə  gecə şəhərdə camaatı narahat edir. Maşının qabağını qaldırır, iki təkər sürür. Bunlar xüsusi təhlükəli əməllərdir. Almaniyada belə sürücünü aşkar etdikdə, tibbi müayinəyə, psixoloq yanına göndərirlər ki, get 6 ay səninlə psixoloq məşğul olsun. Görək, sən niyə belə edirsən. Onların yanaşma tərzi odur ki, normal adam bunu  eləməz”.


Ekspertin sözlərinə görə, sürücülük vəsiqələri ilə bağlı qaydalara mütləq yenidən baxılmalıdır:


“Keçən il dekabrın 27-də Prezident İlham Əliyevin təsdiq etdiyi “Yol hərəkətinin təhlükəsizliyinə” dair  5 illik dövlət proqramında bu məsələlər də öz əksini tapıb. Mənə elə gəlir ki, 5 il ərzində bunun şahidi olacağıq. Ya DYP-də hansısa formada həyata keçiriləcək, ya da digər qurumların  bu məsələyə müdaxiləsi olacaq. Dəfələrlə təklif olunub ki, Dövlət İmtahan Mərkəzi bununla bağlı hansısa addım atmalıdır. Sürücülük vəsiqəsinin alınması üçün imtahan məntiqi baxımdan yanaşsaq  tədris, təhsil prosesidir. Buna görə də nazirliyin və ya DİM-in bu prosesdə hansısa  şəkildə iştirakı mümkün olacaq. Dövlət proqramında nəzərdə tutulan təkliflərdən biri təxminən bununla bağlıdır. Rusiyada belə bir addım atılıb. Orada olan sürücülük məktəblərinin hamısı bağlandı. Vahid, əsaslı sistem yaradıblar. Bizdə isə oturmağa ofisi olmayan  biri sürücülük məktəbi işlədir”.


E.Muradlı qeyd edib ki, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib: 


“Təcrübə imtahanında iştirak edək bütün avtomobillərə kamera quraşdırılıb. Əgər hansısa  təlimçi hansısa şəxsdən rüşvət istəyirsə, bu prosesdə alan da, verən də razıdır. Niyə verir? Zəhmət çəksin öyrənsin. Təcrübə imtahanı sırf peşə imtahanıdır. İmtahan suallarını hazırlayanlar Azərbaycan Texniki Universitetindəki müəllimlərdir. Sürmə təlimini  isə yol polisinin əməkdaşları götürmür. Burada da texniki peşə məktəbinin müəllimləri olur”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top