“Prezident Paşinyanı yerində oturdacaq” — Deputat

SİYASƏT 28 mar 2019, 17:40

Sabah Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada Qarabağ münaqişəsi ilə bağlı görüş keçiriləcək. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında gerçəkləşir.


Demokrat.az saytı Vyana görüşündən mümkün gözləntilər barədə deputatların fikirlərini öyrənməyə çalışıb.


Deputat Rasim Musabəyov deyib ki, Vyana görüşündən hər hansı razılaşmanın elan olunmasını heç kim gözləməməlidir.


“Bundan öncə cənab Prezident Paşinyanla Davosda görüşmüşdü. Davos görüşü qeyri-formal idi. Ancaq Vyana görüşü rəsmi görüşdür. Görüşün müəyyən gündəliyi var. Bu görüş ümumi söhbətlərdən konkret razılaşmaya yol açsa, o zaman öz-özlüyündə müsbətdir. Bu görüşdən heç kəs hansısa razılaşmanın elan olunmasını gözləməməlidir. Yaxud da hansısa sənədin imzalanması qeyri-mümkündür. Ancaq gündəlik dəqiqləşsə və bu görüş sonrakı zaman üçün yol açsa, bu o deməkdir ki, hansısa nəticə gözləmək olar”.


Məlahət İbrahimqızı düşünür ki, bu cür görüşlərin keçirilməsi çox önəmlidir:


“20 ildən artıqdır ki, Minsk qrupunun həmsədrləri Qarabağ məsələsinin həll edilməsi ilə bağlı səlahiyyətə sahibdirlər. Danışıqlar prosesinin uzanmasında təkcə Ermənistan tərəfinin destruktiv mövqeyi rol oynamayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu günə kimi loyal, çox passiv nəticə nümayiş etdiriblər. Həmsədr ölkələrin hər üçü erməni lobbiçiliyinin güclü olduğu ölkələrdir. Onlar birmənalı olaraq qəbul etməlidirlər ki, Azərbaycan və Ermənistan tərəfini eyniləşdirmək olmaz. Biri işğalçı, digəri isə işğala məruz qalan dövlətdir. Ona görə də Qarabağ məsələsində onlardan çox şey gözləyirik. Bu məsələdə çox ciddi olmalıdırlar. 


Təəssüf ki, ötən dövr ərzində heç bir nəticə olmayıb. Münaqişənin həllinə yaxınlaşanda Ermənistanda hadisələr baş verib. Nədənsə məsələnin çözüm prosesinə yaxınlaşanda proseslər Ermənistan tərəfi və Ermənistanın arxasında duranlar tərəfindən ləngidilib. Uzun müddət keçdiyinə görə, ümid azdır. Ancaq bu görüşlərin keçirilməsi çox önəmlidir. Bu konflikt necə həll oluna bilər?! Bunun iki yolu var. Müharibə, ya da danışıqlar.
Hərb yolu ilə dedikdə gücümüz dünyaya bəllidir. Bunu 2016-cı ilin aprel və Naxçıvan hadisələrində sübut etdik. Sadəcə, müharibə dağıdıcıdır. Uzun sürərsə, təkcə Ermənistan-Azərbaycan arasında baş verməyəcək. Ona görə də möhtərəm Prezidentimiz çalışır ki, danışıqlar yolu ilə torpaqlarımızın işğaldan azad olunmasına nail olsun. Dəfələrlə bəyan edib ki, Azərbaycan bir ovuc torpağını belə işğal altında qoymayacaq.


Bu, küçə mitinqlərindən hakimiyyətə gəlmiş baş nazir Paşinyanla ilk rəsmi görüşdür. Yenə də cənab Prezidentimizə uğurlar arzulayırıq. Cənab Prezidentin güclü diplomatiyası Paşinyan kimilərini danışıqlarda hər zaman üstələyib. Onsuz da Prezidentimizin arqumentləri həmişə güclü olıub. Ona görə də onlar çalışırlar ki, destruktiv mövqe tutsunlar. Əminik ki, bu məsələni gec-tez həll edəcəyik”.


Aqil Abbas tərəflərin Vyana görüşündən gözləntiləri olduğunu vurğulayıb:


“Adətən Azərbaycan-Ermənistan rəhbərliyinin bütün görüşlərindən nələrsə gözləyirik. Vyana görüşündən isə daha ciddi nəsə gözləyirik. Paşinyan yeni hakimiyyətə gəlib, eyforiyadadır. Güman ki, bu görüş zamanı cənab Prezidentimiz Paşinyanı yerində oturdacaq. Düşünürəm ki, əgər savaşa qalsa, Ermənistan yer üzündən silinər”.(Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top